“Bu bir daha onu gəstərdi ki, xarici qüvvələrin əlaltılarına Azərbaycan xalqının heç bir dəstəyi yoxdur”.
Müsavat Partiyasının bu gün keçirdiyi mitinqdə az adam var idi. Bu onu göstərir ki, xalqın bu adamlara heç bir etibarı yoxdur. Xalq prezidentlə bir yerdədir və onun siyasətini dəstəkləyir. Xalq xarici təşkilatlar qarşısında öhdəlik götürən, onlara yarınmaq, ayrı-ayrı ideyalar ortaya atmaq istəyən insanlara öz münasibətini bir daha nümayiş etdirdi.
PressNews.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.
S. Novruzov qeyd edib ki, ayrı-ayrı ölkələrdən maliyyə dəstəyi alaraq, Azərbaycanda sabitliyi pozmaq, gərginlik yaratmaq istəyən insanlara, siyasi partiyalara cəmiyyət öz yerini göstərib:
“Mitinqə az sayda insanın qatılması bir də onun təsiridir ki, Müsavat Partiyasının tərkibində çox ciddi problemlər var. Bu, Müsavat Partiyasının qeyri-Azərbaycan mövqeyi tutması, öz partiyası daxilində saxtakarlığa yol verməsinin bariz nümunəsidir.
Bu baxımdan guya, insan hüquqları, demokratiya ideyalarını ortaya atanda cəmiyyət də başa düşür ki, bu insanlar Azərbaycan xalqının və dövlətinin əleyhinədirlər. Bu bir daha onu gəstərdi ki, xarici qüvvələrin əlaltılarına Azərbaycan xalqının heç bir dəstəyi yoxdur”
S. Novruzovun sözlərinə görə, söz azadlığından danışan Müsavat Partiyasının rəhbərliyi, azad fikir bildirən insanları partiya sıralarından uzaqlaşdır, rəhbər strukturlara seçmir: “Belə olan halda Müsavat hansı söz azadlığından, insan hüquqlarının müdafiəsindən danışa bilər? Partiya daxilində bu cür pozuntular baş verdiyi halda, başqa yerdə olmayan şey axtarmağa çalışırlar. Bugünkü mitinqlə bu adamlar özlərinin nəyə qadir olduqlarını göstərdilər”.