Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması heç bir şəkildə Azərbaycanın maraqlarına toxunmayacaq. Bu barədə jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç deyib.
"Ermənistanın bu ittifaqda iştirakı beynəlxalq hüquqa uyğun həyata keçirilməlidir. Bu, heç vaxt Azərbaycanın maraqlarını məhdudlaşdırmamalıdır”, - diplomat qeyd edib.
Səfir, həmçinin bildirib ki, Avrasiya İqtisadi İttifaqının fəaliyyəti haqqında müqavilə qüvvəyə minir ki, bu da tərəfdaşlar qarşısında böyük imkanlar açır:
"Tərəfdaşlarımız, eləcə də Azərbaycan üçün bu ittifaq böyük perspektivlər açır. Belarus, Qazaxıstan, Rusiya – bu, 170 milyon istehlakçı deməkdir. Bu, bazarı dəfələrlə böyüdür, tərəfdaşlar qarşısında böyük imkanlar açır. Biz bu ittifaqın gələcəyinə nikbinliklə baxırıq".
O, yaxın gələcəkdə ittifaqın iştirakçılarının sayının artacağına ümid etdiyini bildirib.