top of page

Adil Bağırov: Təkbətək qalanda azərbaycanlılar həmişə qalib gəlirlər - MÜSAHİBƏ

PressNews.Az - ABŞ azərbaycanlıları şəbəkəsinin (U.S. Azeris Network) və “Qarabağ” Fondunun həmtəsisçisi və idarə heyətinin üzvü Adil Bağırovla müsahibəni təqdim edir.

- Gələn il ABŞ Azərbaycana yardım məqsədi ilə 13,44 milyon dollar ayıracaq ki, bu da keçənilki vəsaitdən 4 milyon dollar azdır. Eyni zamanda, Ermənistana 25,74 milyon dollar ayrılacaq.

Bu qərarı necə şərh edərdiniz?

- Bu, yenilik deyil, bu tendensiya ABŞ tərəfindən 1992-ci ildən mövcuddur. Bununla yanaşı, əgər Ermənistan əhalisinə son illərdə kiçik ölçülərdə və əvvəlkindən iki dəfə artıq yardım edirlərsə, 90-cı və 2000-ci illərdə daha artıq yardım edilirdi. Bu səbəbdən də Ermənistan 90-cı illərdə əhalisinin adambaşına düşən Amerika yardımına görə ikinci ölkə oldu. Ermənistan 1992-ci ildən indiyədək 3 milyard dollara yaxın yardım alıb, halbuki daha böyük və vacib ölkə olan Azərbaycan 1 milyard dollardan az yardım alıb.

Burada əlbəttə ki, məntiq yoxdur, sadəcə erməni lobbisi ABŞ-da bir əsr boyu məqsədyönlü şəkildə çalışıb (hələ uzaq 1919-cu ildə keçmiş konqresmen B.Çandlerin Əlimərdan bəy Topçubaşova göndərdiyi məktubu xatırlayın. O, bu məktubda erməni lobbisinin işindən və təbliğatından gileylənirdi). Amerika qanun layihələrinin minlərlə səhifədən ibarət olmasından istifadə edən erməniyönümlü konqresmen bir sətir və ya bir sözlə Ermənistanı şirin salaraq, Azərbaycanı pisləyə bilərdi.

Bütün bunlara baxmayaraq əslində Amerikanın Ermənistana yardımı son illərdə kəskin şəkildə azalıb, bu isə erməni lobbisinin böyük məyusluğuna səbəb olub (belə ki, Ermənistanın xarici maliyyə dəstəyinə ehtiyacı var, pul qaynağı isə qurumağa başlayır). Azərbaycan isə ABŞ-ın yardımına elə də ehtiyac duymur.

Amma qeyd etmək lazımdır ki, əgər Ermənistana 2014-cü ildə demokratiya və insan hüquqlarının inkişafı üçün 10,5 milyon dollar veriblərsə (2015-ci ildə 8,42 milyon dollar ayırmaq planlaşdırılır) üç dəfə böyük olan Azərbaycana həmin məqsəd ilə cəmi 7,78 milyon dollar ayrılıb (2015-ci ildə 5,76 milyon dollar ayırmaq planlaşdırılıb). Bununla yanaşı, Ermənistanda seçkilər zamanı 2008-ci ildə olduğu kimi etiraz edənləri incidir və öldürürlər, 2013-cü ildə olduğu kimi prezidentliyə namizədlərə sui-qəsdlər olur, Azərbaycanda isə belə ekstrim yoxdur. Yalnız Ermənistana yardımın qeyri-effektivliyi nöqteyi-nəzərindən deyil, eləcə də Azərbaycanı daha çox tənqid etmələrinə baxmayaraq qınaq səbəbi olan aspektlərin düzəldilməsi üçün daha az vəsaitin ayrılması baxımından da qəribə alınır.

- Ümumiyyətlə, Azərbaycan-Amerika münasibətləri öz tarixlərində heç də sadə dövr yaşamırlar, biz ABŞ rəsmilərinin dilindən tez-tez rəsmi Bakının ünvanına tənqidi ifadələr eşidirik. ABŞ-ın Azərbaycanda sabiq səfiri Riçard Kozlariç və onun bir sıra həmfikiri öz ölkələrinin hakimiyyətini bir neçə dəfə Belarusa olduğu kimi bizim respublikaya da qarşı ciddi sanksiyalar qəbul etməyə çağırıblar.

Sizin fikrinizcə, bu tənqidin arxasında nə durur?

Razısınızmı ki, bizim ölkələrimiz arasında həqiqətən soyuqluq yaranır?

- ABŞ rəsmilərindən Azərbaycanın ünvanına səslənən tənqid əvvəlki illərdən çox deyil. Məsələn, Konqresin Helsinki komissiyasının 90-cı və 2000-ci illərdə keçirilən iclasları indiki iclaslardan daha sərt idi. Konqresmenlərin pozitiv çıxış və məqalələri dəfələrlə az idi. Ona görə də mən elə də kəskin fərq görmürəm, hər şey müqayisədə meydana çıxır. Azərbaycanın rəsmilərindən də ABŞ-ın ünvanına tənqidi cavab var, bu keçmişdə daha az idi.

Həqiqətən, iki keçmiş amerikan bürokratının Azərbaycana qarşı sanksiyaların tətbiqinə dair çağırışı var, amma bu, onların şəxsi fikiridir. Bu fikri isə Konqresin 98% üzvü qəbul etmir. Yəqin ki, Azərbaycanda da dünyanın müxtəlif ölkələrinə ekstremal baxışa sahib olan keçmiş məmurlar tapılar.

- Bakı və Vaşinqtonun münasibətlərdə bu cür inkişafı fonunda Azərbaycan-Rusiya münasibətlərinin fəallaşması müşahidə edilir. Bunun bizim regionda Amerika mövqelərinin zəifləməsi ilə nəticələnə biləcəyini hesab edirsinizmi?

- Artıq uzun illərdir ki, Atlantik okeanın hər iki sahilindən olan analitik və alimlər Amerika mövqelərinin həm Cənubi Qafqazda, həm də bütün dünyada zəiflədiyini qeyd edirlər. Başqa sözlə, bu, Rusiyanın fəallaşması ucbatından deyil, ABŞ-da baş verən siyasi oyun və proseslərlə əlaqədardır. ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinə qədər cari vəziyyət davam edəcək.

- ABŞ-da fəaliyyət göstərən erməni icması, Azərbaycanı Qarabağ münaqişəsi zonasında gərginliyin artmasında günahlandıraraq, Vaşinqtonu Bakıya qarşı ciddi tədbir görməyə çağırır. Necə hesab edirsiniz, Ermənistanın HHQ helikopterinin məhv edilməsi insidenti ABŞ-ın münaqişə üzrə mövqeyində əksini tapacaqmı?

- Erməni lobbisi və təbliğatı hər zaman Azərbaycanın imicini pisləməyə yönəlib (və Türkiyənin). Bu zaman ABŞ-da olan Azərbaycan icması da işsiz oturmayıb müzakirə aparır və belə şeylərə cavab verir, eləcə də müstəqil araşdırma və analiz aparır, apardığı araşdırmalar ilə həm ABŞ siyasətçilərini, həm də KİV-i və geniş ictimaiyyəti tanış edir. Hər il onlarla məqalə dərc edilir, on minlərlə məktub yollanır, rəsmi petisiyalar üçün minlərlə imza toplanır, konqresmenlər ilə görüşlər keçirilir, Amerika kütləvi informasiya vasitələrinə müsahibələr verilir.

Əlbəttə, əgər nəzərə alsaq ki, ABŞ-da erməni icması 2 milyon nəfərdən milyonlarla dollarlıq büdcəyə və əməkdaşlara malik çoxsaylı lobbi təşkilatlarından ibarətdir, azərbaycanlıların isə icması dəfələrlə kiçikdir, gəncdir və demək olar ki, heç bir büdcə və əməkdaşı (hər şey ictimai əsaslardadır) yoxdur, ona görə də müqayisə bir qədər ədalətsiz olur. Bu sanki, ağırçəkili boksçunun yüngül çəki kateqoriyasına aid olan döyüşçü ilə qarşıdurmasıdır. Amma bu azərbaycanlıları narahat etmir. Debatlarda təkbətək qalanda azərbaycanlılar hər zaman qalib gəlirlər.

Ermənistanın vurulmuş helikopterinə gəldikdə isə bu, ABŞ-ın mövqeyində elə də əks olunmayacaq. Helikopter hərbidir, uzun illər ərzində çoxsaylı xəbərdarlıqlara baxmayaraq Azərbaycan hava məkanına daxil olub.

ABŞ-ın analitik ictimaiyyəti daha yaxşı məlumatlandırılıb. Deməli, hava məkanında baş verən bu cür insidentlərdə Azərbaycana qarşı daha yumşaq davranacaq. Son illərdə, məsələn, ABŞ-da Azərbaycanlılar Şəbəkəsi tərəfindən xüsusi arayış hazırlanıb:

http://airport.usazeris.org-a çoxsaylı məktublar göndərilib, Xocalı aeroportunun qanunsuz fəaliyyətinə dair bir çox məqalələr, o cümlədən də erməni təbliğatçıları ilə populyar mətbuatda disput şəklində http://www.eurasianet.org/node/66409

və burada http://www.eurasianet.org/node/66546 dərc edilib.

Məqalələrdə qeyd edilib ki, erməni hava gəmiləri Azərbaycan hava məkanında yerli və beynəlxalq hüquqa müvafiq olaraq məhv ediləcək.

Ona görə də noyabrda analitiklər öz rəisləri üçün arayış hazırlamaq üçün Google-da axtarış apararkən, erməni təbliğatının sayıqlamalarına deyil, çoxsaylı və asan tapılan faktlarla üzləşdilər.

- ATƏT-in Minsk qrupunun həmsədri C.Uorlik Tvitter-də çox fəaldır, amma ABŞ-ın münaqişənin həllində fəaliyyətini çətin ki, fəal adlandırmaq olar. ABŞ-ın daha fəal vasitəçiliyini gözləməyə dəyərmi və ya digər vasitəçi Rusiya ilə Ukraynaya dair fikir ayrılığı onların ümumi məsələnin həlli, yəni problemin həlli üzrə koordinasiyalı işinə mane olacaqmı?

- Problemin həlli çox sadədir və hələ 1993-cü ildə BMT TŞ-nın bəyanatlarında göstərilmişdi. Problemin orijinal, unikal və ya analoqu olmayan digər həlli, siyasi tarixdə yoxdur və ola da bilməz. Bəzən mənə elə gəlir ki, dünya ictimaiyyəti Azərbaycan və Ermənistanı vasitəçilərsiz yalnız qoysaydılar və onlar öz aralarında danışıqlar aparsaydılar daha yaxşı olardı. Axı tərəflər bir-birini yaxşı tanıyır, anlayırlar ki, “belə yaşamaq olmaz”.

ABŞ və Rusiyadan və yaxud Fransadan, və ya ATƏT-in Minsk qrupunun başqa bir üzvündən Ermənistanın Azərbaycanı işğal etmə problemini həll etməsini gözləmək düzgün deyil.

Problemi yalnız Azərbaycan xalqı və dövləti həll edə bilər. Digərləri isə ya yardım edə, ya da mane ola bilərlər, amma bu problemin həllində əsas və baş rolu Azərbaycanın inadkarlığı, qətiyyətliliyi oynayır.

bottom of page