top of page

Biz qadınların işləmək hüquqlarının təmin olunmasını istəyirik

“Həyata keçirdiyimiz sosial islahatlar müxtəlif istiqamətləri, o cümlədən qadınlarla kişilərin əmək sahələrində bərabər hüquqlu fəaliyyətini əhatə edir”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov YAP-ın təşkilatçılığı ilə keçirilən “İnkişafın 10 ili - 2004-2014” adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə qadınlara qoyulan qadağaların qaldırılmasına ehtiyac var: “Hazırda bu məsələ üzərində iş gedir. Biz qadınların işləmək hüquqlarının təmin olunmasını istəyirik. Yəni, qadının hamiləlik müddətində verilən 140 gündən istifadə etmək, sonra isə sosial məzuniyyətə, hətta yarımillik məzuniyyət götürmək hüququ var. Bunlardan başqa, həmin qadın bu məzuniyyət dövründə işləyə də bilər. Apardığımız araşdırmalar göstərir ki, əvvəllər qadağan olunan işlərin sayının azaldılmasına ehtiyac var. Çünki, beynəlxalq təcrübədə bundan istifadə olunmur. Ümumiyyətlə, bütün məsələlərdə qadağaların aradan götürülməsinə ciddi ehtiyac var”.

Nazir qeyd edib ki, əvvəllər I qrup əlillərə də işləmək qadağan olunurdu: “Hazırda bu məsələ də aradan qaldırılıb və əlillik təyin olunan şəxslərə yalnız əmək qabiliyyətinin itirilməsi dərəcəsi verilir. Ancaq onlara işləmək qadağası təyin oluna bilməz. İstənilən insanın hansı vəziyyətdə olmasından asılı olmayaraq, istədiyi sahələrdə çalışmaq imkanı var. Bu imkanların reallaşdırması üçün onun hüquqları təmin olunmalıdır”.

bottom of page