PRESS NEWS AZERBAIJAN

Bakıda aksiya: ölən var

19.01.2015

 

Hövsan kəndində kütləvi aksiya keçirilir.

PressNews.Az-ın Trend-ə istinadla verdiyi məlumata görə, bu gün səhər saatlarında Bakının Suraxanı rayonu,
Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraz aksiyası keçirilib.
Buna səbəb valideyn və şagirdlərin məktəb direktorunun fəaliyyətindən narazı olması olub.

Suraxanı Rayon Polis İdarəsindən bildiriblər ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə PressNews.Az-a bildiriblər ki, idarənin məsul şəxsləri hadisənin araşdırılması məqsədilə məktəbə ezam olunublar.

PressNews.Az xəbər verir ki, buna səbəb 118 saylı orta məktəbin direktoru
Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir. Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.

Yerli sakinlər deyiblər ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə
əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?"

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib,
Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.