Bilmirəm vallah, hardan başlayıb hardan qurtarıb bu yazını. “Mədəni və kübar” Avropa o dərəcədə bayağı və savadsızcasına “propaqanda” səhnələri yaradır ki, dünyanın özünə ciddi yanaşmağım gəlmir. Sadəcə qısa xronologiyanı yazıram ki, qalanını özünüz təxmin edəsiniz. Parisdə Islam dinin yaradıcı olan Məhəmməd Peyğəmbəri təhqir edən qəzetin jurnalistləri güllələnib. Bu işi görən terrorçular 2-3 gün ərzində Avropanın ən böyük güclü ölkəsini elə vahimədə saxladılar ki, mədəni Fransa hələ də şokdadır.
Bu boyda Fransanın təhlükəsizlik qüvvələri, terrorçularla mübarizədə özlərini rüsvay etdilər. Qeyri-peşəkar şəkildə, adi kəndlilərin qoyun-quzuya daraşan canavarları qorxutmaq üçün əllərinə götürdükləri dəyənəklər kimi silaha sarılıb gizlənpaç oynamağa başladılar. Bilmirəm bəlkə qəsdən bu cür addım atdılar. Çünki inanmıram ki, dünya siyasətində güc sahibi olan ən güclü Avropa dövlətlərindən birinin təhlükəsizlik qüvvələri, kəndlilər canavarın üstünə gedər kimi, terrorçulara qarşı əməliyyat aparsınlar. Yox əgəe gerçəkdən bu cür hazırlıqsızdırlarsa, o zaman istənilən an Müsyo Jordanın əhvalatında olduğu kimi mədəni Parisin külü havaya qalxa bilər...
Dünya indilərdə elə bir şəkil alıb ki, günün bu günü kimin kim olduğunu, kimin əlinin kimin cibində olduğunu ayırd eləmək sirri-xudaya dönüb vallah. Hər gün qanlı hadisələr, hər gün yüzlərlə insan qanı axır. Özü də səbəbsiz-filansız. Adını da qoyurlar “terror”. Əla yanaşmadır.
Məsələn, kimin kimdənsə xoşu gəlmirsə, kimin maraqları o birisinin mənafelərinə toxunursa, dərhal “radikal terror” mexanizmi işə düşür. Bütün dünyada vicdanlı, dinindən və irqindən asılı olmayaraq mənəvi dəyərləri olan hər bir insan terroru, günahsız yerə insan ölümünü lənətləyir. Bu belədir. Bunun dini-irqi fərqi yoxdur.
Amma məsələ burasındadır ki, artıq Avropa siyasətçiləri və qərb mediyası olduqca təhlükəli bir tendesiyaya qucaq açıblar. Bu qüvvələr Avropada sürətlə insanların islam dininə olan sayğısını azaltmaq və Avropadakı insan kütləsinin dini dəyərlərini dəyişməsinin qarşısını almaq üçün bütün terrorçuları və mənfi olan nə varsa hər şeyi “müsəlman” adı ilə əlaqələndirib, Avropa sakinlərinin Islam dininə olan axınının qarşısını almağa can atırlar. Sual olunur. Əgər bu Avropa mediya azadlığına, insan hüquqlarına belə dəlicəsinə bağlıdırsa, o zaman niyə amerika polisi qara dərili insanları günün-günorta çağı dünya demokratiyasınımn beşiyində güllələyib öldürəndə səsini çıxarmırdı?. Niyə yüzlərlə uşaq Fələstində beşiyində uyuyarkən anasının qarşısındaca bomba ilə öldürüləndə, Xocalıda insanlar şişə çəkiləndə mədəni və sivil Avropa ayağa qalxmadı?. Çünki bütün bunlar müsəlman ölkələrində baş verirdi. Təki Avropada sülh olsun, başqalarının körpələri yandırılsa belə, cəhənnəmə ki!.
Bir başqa məsələ. Axı bu necə ola bilər ki, sivil Avropanın göbəyində İslam dinin yaradıcısı olan Məhəmməd Peyğəmbər fransız qəzetində təhqir olunur, rəsmi Paris buna göz yumur. Kim jurnalistə icazə verir ki, başqalarının dini hisslərini təhqir etsin?. Bəyəm jurnalist təhqir mexanizmidir?,-qətiyyən. Əgər rəsmi Paris söz, fikir və mətbuat azadlığına belə şəkildə, özü də dəlicəsinə sayğı göstərirsə, niyə qondarma erməni soyqırımını inkar edərək, müstəqil fikrini ifadə edən insanlara cərimələr kəsdirdi?.
Niyə Nikola Sarkozinin eşq həyatından təhqirsiz-filansız, real faktlarla yazı hazırlayan jurnalist məhkəməyə verilib həbs ediləndə niyə kubar avropalılar söz və mətbuat azadlığının keşiyində durmadılar. Bu faktın özü artıq insan hüqüqlarının, azad fikrin barbarcasına istismarıdır. Özü də Eyfel qülləsinin mərkəzində...
Bunlar sadəcə dəfələrlə çeynənmiş qəlib cümlələr deyil. Əsl həqiqətlərdir. Belə çıxır ki, hər yer cəhənnəm olursa olsun, bircə Avropadan başqa. İnsanların başı kəsilsin, körpələr şişə çəkilsin olar, təkcə Avropada olmaz. Avropada adi itin hüququnu qorumaq olduqca vacibdir, amma Avropanın maraqları üçün elə Avropanın öz göbəyindəcə fikir azadlıqına görə insanları həbs etmək də olar. Qərbdəkilərin bu əcaib siyasəti dünyanı fəlakətə aparır. Axırda da Dərviş Parisi “partladır”...
Mətləb Salahov