top of page

Rektor beynəlxalq axtarışa verildi

Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev beynəlxalq axtarışa verilib. Baş prokurorluqdan Pressnews.az-a verilən məlumata görə, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və həmin universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

İstintaq zamanı E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 min 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib.

Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, E.Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinə həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) olmadığı halda qanunsuz göstəriş verməklə İsrail vətəndaşları ilə əlbir olub cinayət əlaqəsinə girərək “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq, donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaradılmaqla hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pulun alınıb dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə universitetin və Tibb Mərkəzinin əməkdaşları, cərrahiyyə əməliyyatlarında iştirak etmiş tibb personalı şahid qismində dindirilmiş, həkim fəaliyyəti ilə bağlı məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, sənədlərin texniki-kriminalistik ekspertizaları təyin olunaraq rəylər alınmış, E.Abdullayevlə cinayət əlaqəsinə girmiş İsrail və Ukrayna vətəndaşları barəsində eyni cinayət əməllərinə dair Ukraynada həyata keçirilən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əldə olunaraq iş üzrə toplanmış digər sübutlarla birgə qiymətləndirilməklə ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 20 avqust 2013-cü il tarixdə E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib.

E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir.

- See more at: http://axar.az/news/41202#sthash.RuyEUgPZ.dpuf

bottom of page