top of page

İranlı nazir sorğu sual ediləcək


1422082260_javad-zarif_1394006310.jpg

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Cenevrədə keçirilən danışıqlar zamanı yad ölkədə ABŞ dövlət katibi ilə ikilikdə gəzişdiyinə görə parlamentə sorğu-suala dəvət edilib. Zərifi Tehranın nüvə proqramına dair Qərb ölkələri ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edir. Məsələ ondadır ki, media Cenevrə danışıqları zamanı elan edilmiş 15 dəqiqəlik fasilə vaxtı İranın xarici işlər naziri ilə ABŞ dövlət katibinin ikilikdə gəzişərək nəyisə müzakirə etdikləri anların görüntülərini yayıb. Bu hadisə yanvarın 14-də İranın Qərbin “P5+1” şərti adı ilə tanınan qrupu ilə danışıqları zamanı baş verib. Bu qrupa Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Ruysiya və Çin daxildirlər. İranda ABŞ-ı “böyük iblis” adlandıran mühafizəkarlar cənab Zərifin bu ölkənin dövlət katibi ilə təklikdə söhbət etməsindən narahat olublar.

Cümə günü məscidlərdə xütbə oxuyan aparıcı vaizlər Zərifi və prezident Ruhanini “diplomatik intizamsızlığa” görə tənqid atəşinə tutublar. İran qəzetlərinin yazdığına görə ölkə parlamentinin 21 üzvü xarici işlər nazirinin izahat verməsini tələb edən petisiya imzalayıb. Mühafizəkarlara bağlı Fars xəbər agentliyinin dərc etdiyi petisiyada deyilir ki, “Böyük iblisin İranın xarici işlər naziri ilə belə məhrəm münasibəti üçün izah oluna biləcək heç bir əsas ola bilməz”. “Sizin Kerri ilə Cenevrə küçələrində belə nümayişkəranə qoşa gəzməyiniz qətiyyən heç bir diplomatik normaya sığmır" – deyə petisiyada bildirilir. Reuters agentliyi xəbər verir ki, bu, 2013-cü ildə İranın nüvə danışıqlarına rəhbərliyə keçəndən bəri cənab Zərifinin sorğu-suala çağırıldığı ilk epizod deyil. 2014-cü ilin fevralında xarici işlər naziri Holokostu pisləyən bəyanatı ilə mühafizəkar din xadimlərini qəzəbləndirmişdi. Belə ki, Holokostun inkarı İslam İnqilabından bəri İsrailə qarşı yönəlmiş İran siyasətinin bir növ göstəricisi sayılır. Məsələn, keçmiş prezident Mahmud Əhmədinejad Holokostu danması ilə ad çıxarmışdı. Tehran və Vaşinqton arasında diplomatik əlaqələr 1979-cu ildən bəri mövcud deyil və bu ölkələr yalnız Əfqanıstan kimi spesifik beynəlxalq məsələlərin müzakirəsində kontakta daxil olurlar. İranın nüvə proqramına dair danışıqlar da bu formata bir növ misal ola bilər. Burada “P5+1” qrupunun içində ABŞ da var. Bundan əlavə bir sıra başqa dəyişikliklər də baş verib. Məsələn, mediada Barak Obamanın İranın ali rəhbərinə bir neçə məktub yazması barədə xəbərlər olub. Odur ki, İranın nüvə danışıqlarında Amerika ilə birbaşa mükaliməyə girməsini, əslində ali dini rəhbərin özü sanksiya tətbiq edib. Ötən həftə jurnalistlərlə söhbətində cənab Zərifi bildirib ki, onun Kerri ilə şəxsi söhbətdə bulunmasında qeyri-adi heç nə olmayıb: “Biz çox ciddi və səmimi danışıqlar apardıq və görünür, arada olan bir neçə dəqiqə fasilədən söhbəti başqa formada davam etdirmək qərarına gəldik. Bunlar dünya diplomatiyasında normal haldır. Ələlxüsus da bizim otelimizin yanında həyət və ya bağça yox idi. Xiyabanda isə çox sayda jurnalist keşik çəkirdi. Odur ki, biz də çıxıb küçədə gəzişdik”. Mətbuat yazır ki, mühafizəkarların kəskin reaksiyasına baxmayaraq, Zərifi elə ötən cümə günü Davosda Kerri ilə daha bir məxfi görüş keçirib.

bottom of page