PRESS NEWS AZERBAIJAN

Sinoptiklər yağışlı və dumanlı hava vəd edirlər

27.01.2015

 Cənub küləyi əsəcək.

 

Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində dumanlı, çiskinli, fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan PressNews.Az-a bildiriblər ki, yanvarın 28-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

 

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 5-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin duman və çiskinli, axşama doğru yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 28-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda, gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Yanvarın 29-30-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.