top of page

Baş nazir QHT-lər haqda qərar verdi


artur rasizade.jpg

Baş nazir Artur Rasi-zadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərarı imzalayıb.

PressNews.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qaydaya aşağadakı əlavələr edilib:

“2.3. Maliyyə fəaliyyəti - qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatların aparılmasıdır.

2.4. Əsas fondlar - təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.

2.5. Hesablama metodu - əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınmasıdır.”.

2. 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər, 3 və 4 nömrəli əlavələr ləğv edilsin.

3. 4-cü hissə üzrə:

3.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına aşağıdakıları əks etdirən maddələr daxil edilir:

4.1.1. uzunmüddətli aktivlər;

4.1.2. qısamüddətli aktivlər;

4.1.3. xalis aktivlər (kapital);

4.1.4. uzunmüddətli öhdəliklər;

4.1.5. qısamüddətli öhdəliklər.”;

3.2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.2. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edir. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir:

4.2.1. cəmi gəlirlər;

4.2.2. cəmi xərclər;

4.2.3. ümumi mənfəət (zərər).”;

3.3. “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatın məzmunu” abzası, 4.3-cü və 4.4-cü bəndlər ləğv edilsin;

3.4. “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu” abzası və 4.5-ci bənd ləğv edilsin;

3.5. 4.6.2-ci yarımbəndə “maddələr” sözündən sonra “, o cümlədən aktiv, öhdəlik və kapitalın hərəkəti” sözləri əlavə edilsin;

3.6. 4.6.3-cü yarımbəndə “maddələr” sözündən sonra “üzrə hesablanmış və ödənilmiş məbləğlər” sözləri əlavə edilsin;

3.7. 4.6.4-cü və 4.6.5-ci yarımbəndlər ləğv edilsin;

3.8. aşağıdakı məzmunda 4.6.7-ci və 4.6.8-ci yarımbəndlər əlavə edilsin:

“4.6.7. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən əldə edilmiş hər bir qrant üzrə qrant müqaviləsinin qeydə alınması barədə məlumat, donorun və qrant layihəsinin adı, müddəti, qrant vəsaitinin ümumi məbləği və hesabat dövründə köçürülən hissəsi;

4.6.8. qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnamə kapitalının ilkin məbləği və nizamnamə kapitalına əlavə edilmiş sonrakı qoyuluşlar barədə məlumatlar (o cümlədən nizamnamə kapitalına qoyuluş edən şəxslər barədə məlumatlar).” .

4. 5.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.1. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, aşağıdakı qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir:

5.1.1. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış (Forma № 5);

5.1.2. hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.”.

5. 5.3-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq təqdim edilmiş arayışlara əsasən hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş arayışlara əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumat əldə etdiyi təqdirdə, həmin məlumatları hər il iyunun 1-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim etməlidir.”.

bottom of page