Bakıda ətin qiyməti ucuzlaşdı

Səbəblər açıqlandı.
Paytaxtda ətin qiymətində 50 qəpik və ya 1 manat arası ucuzlaşma müşahidə edilir.
PressNews.Az APA TV-yə istinadən xəbər verir ki, əvvəlki vaxtla müqayisədə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyən satıcıların sözlərinə görə, regionlardan gələn ət paytaxta çatana kimi bir qədər bahalaşır. Buna baxmayaraq ucuzlaşma hiss edilir.
“Alıcılıq qabiliyyəti zəifdir. Ucuzlaşma bundan da irəli gələ bilər. Amma rayondan gələnlər deyir ki, bölgələrdə mal-qara bol olduğuna görə, qiymətlər bir qədər ucuzlaşıb. Biz də dəqiq bilmirik”.
Hazırda ətin qiymətində müşahidə edilən ucuzlaşmanın digər ət məhsullarının qiymətinə hələ ki təsir etmədiyini deyən ekspert hesab edir ki, əgər gələcəkdə ət bahalaşarsa digər məhsullar da bahalaşa bilər. Bunun qarşısını almaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi tədbirlər görülməlidir. Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev bildirib ki, ətin qiymətinin ucuzlaşmasının səbəbi yem və yem məhsullarının qiymətinin bahalaşmasıdır.
“Ötən il ölkə ərazisində yem və yem məhsullarının tədarükü bir qədər aşağı düşüb. Bu əsasən suvarılmayan ərazilərdə daha çox müşahidə edilib. Bu da yem və yem məhsullarının qiymətinə təsirsiz ötüşməyib. Bu səbəbdən də fermerlər mal-qaranı satışa çıxarırlar. Yeni mövsümdə ot məhsulları becəriləndən sonra yenidən mal-qara alacaqlar”.
Nazirlik rəsmisi deyir ki, yaz aylarında ət məhsullarının bahalaşma ehtimalı heç bir narahatlıq yaratmamalıdır. Bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Hazırda mal-qaranın satışı süd və süd məhsullarında hər hansı bahalaşmaya səbəb olmayacaq. Çünki ölkənin süd istehsalı iri təsərrüfatlar hesabına təmin edilir. Ötən il ölkədə 185,6 min ton süd istehsal edilib ki, bu da ötən illərin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artıq miqdara bərabərdir. Qeyd edək ki, hazırda daxili istehsal hesabına mal əti 87 faiz, qoyun əti 97 faiz, quş əti isə 98 faiz təmin edilir.
Xatırladaq ki, analoji vəziyyət regionlarda da müşahidə edilir.