Türkiyənin Ədirnə vilayətində daşqınlar nəticəsində təxliyə edilənlərin sayı 800-ə çatıb. APA TV-nin məlumatına görə, güclü yağışlar nəticəsində vilayətin ərazisi ilə axan çaylar məcralarından çıxıb. Bəzi rayonlarda sakinlərin təxliyəsi davam edir. Xilasedicilər xüsusi qayıqlarla su altında qalan məhəllələri gəzərək köməksiz vəziyyətdə qalan sakinlərə yardım ediblər. Sel suları altında qalan evlərdən təxliyə olunanlar üçün müvəqqəti çadırlar qurulub. Onların yemək və digər ehtiyacları Ədirnə şəhər bələdiyyəsi tərəfindən qarşılanıb.
Qeyd edək ki, Türkiyənin Bursa şəhəri də təbii fəlakətlə üzləşib. Əsən güclü külək səbəbindən Bursa vilayətində 3 nəfər ölüb və 110 nəfər xəsarət alıb.