top of page

“Ermənilər sülh istəmir”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kolumbiya səfəri çərçivəsində Baqota Eksternado Universiteti və Ankara Universiteti tərəfindən təşkil edilən simpoziumda iştirak edib. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti simpoziumda çıxışı zamanı Osmanlı tarixindən, Türkiyənin daxili və xarici siyasətindən, eləcə də ermənilərin “soyqırım” iddialarından söz açıb. R.T.Ərdoğan tarixin hakim qüvvələr tərəfindən yazıldığını bildirib: “ Tarixin tarixçilər tərəfindən yazılmalı olduğunu düşünürük. 100 il boyunca türklərin ermənilərə, ermənilərin türklərə münasibəti obyektiv şəkildə yazılmayıb. Əgər erməni diasporu bu məsələdə səmimidirsə, biz bütün arxivlərimizi açırıq. Araşdırılan tarixi sənədlərin sayı 1 milyondan çoxdur. Tarixçilər, mütəxəssislər çalışsınlar, sonra gəlib nəsə təqdim etsinlər”. Bundan başqa Türkiyə prezidenti, həmçinin ölkələr arasındakı münasibətdə ilk addımın da məhz Türkiyə tərəfindən atıldığını vurğulayıb: “1915-ci il hadisələri ilə bağlı erməni diasporunun fəaliyyətinin düzgün istiqamətdə aparılmadığını bilirik. Ermənistana əl uzadan ilk biz olduq. Yeni bir səhifə açmaq istədik, lakin bizim əlimiz havada qaldı. Aprelin 24-də Çanaqqalada olmaları üçün dəvət göndərdik, amma bu dəfə də sülhə razı olmadılar”.

bottom of page