PRESS NEWS AZERBAIJAN

Əli Həsənov iqtidar-müxalifət dialoqunun nəticələrini dəyərləndirdi

12.02.2015

 

"Bugünkü görüşdə də biz bütövlükdə siyasi partiyalarla bu görüşün formatını, reqlamentini, tematikasını və digər məsələləri müzakirə etdik". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün keçirilən iqtidar-müxalifət dialoqunun nəticələrinə dair jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənov qeyd edib ki, partiya sədrləri məsələlər ətrafında öz fikirlərini səsləndirdilər: "Görüşdə müxtəlif fikirlər səsləndirildi. Amma gəldiyimiz razılaşma ondan ibarətdir ki, Prezident Administrasiyasının nümayəndəsi ilə siyasi partiyaların rəhbərlərinin görüşü aktual hesab olunsun, cəmiyyət üçün gərəkli, lazımlı bir akt kimi dəyərləndirilsin və davam etdirilsin. Bundan sonra mütəmadi olaraq hər iki ayda bir dəfə bu formatda yığışıb Azərbaycan ictimaiyyətini, hakimiyyəti, siyasi partiyaları, digər institutları narahat edən və yaxud cəmiyyət üçün aktual hesab olunan məsələləri müzakirə edəcəyik".

PA rəsmisi ikinci məsələ kimi gələcək görüşlərin formatı məsələsinin müzakirə olunduğunu deyib: “Əlbəttə, biz siyasi partiyalar arasına ayrı-seçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İndiyə kimi keçirilmiş görüşlərdə təxminən 16-20 arasında siyasi partiya rəhbəri qatılıb. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyətlə məşğul olan siyasi partiyalar bu görüşlərdə iştirak ediblər, bir neçəsi də təşrif buyurmayıb. Onlar da dəvətlər olunub, yəqin ki, bəlli səbəblərdən qatılmayıblar. Sonra iştirak etmək istəsələr, biz onlara da qapılarımızı açıq qoyuruq".

Ə.Həsənov əlavə edib ki, üçüncü məsələ kimi görüşlərin mövzusu müzakirə olunub: "Gələcəkdə görüşlərə çıxarılacaq mövzuların əvvəlcədən müəyyən olunması məsələsi ətrafında geniş fikir mübadiləsi aparıldı və razılıq əldə olundu. Bütün siyasi partiyaların, ayrı-ayrı mətbuat orqanlarının, o cümlədən dövlət qurumlarının ictimai əhəmiyyətli hesab etdiyi məsələlər siyahıya alınacaq, bütün siyasi partiyalara göndəriləcək və onların seçimi ilə həmin məsələlərdən biri növbəti görüşün müzakirəsinə çıxarılacaq".

PA rəsmisi qeyd edib ki, dördüncü razılaşdırılan məsələ ondan ibarət oldu ki, müzakirə olunan mövzu ətrafında yaranmış fikir ayrılığı və yaxud da fərqli fikirlər cəmiyyətin müzakirəsinə çıxarılsın: "Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, ölkədə bütün institutlar - siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər".

Please reload

ƏN ÇOX OXUNANLAR