top of page

Bizim üçün pis proqnoz


et.jpg

Azərbaycanda ətin qiymətinin rekord dərəcədə ucuzlaşdığı bildirilir. Lakin bu ucuzlaşma bir neçə aya qədər davam edəcək. Sonra yenidən bahalaşma olacaq. Son aylarda aran rayonlarında ətin qiyməti 2 manat ucuzlaşıb. Məsələn, Bərdədə əvvəl 7 manata olan mal ətinin kilosu indi alıcılara 5 manatdan təklif edilir. Bakıda da eyni vəziyyət yaranıb. Belə ki, Bakı kəndlərində ətin qiyməti 6-7 manatadək düşüb. Qəssablar isə ucuzlaşmanı müxtəlif səbəblərlə izah edir. Qəssab Süleyman Şəfiyevin sözlərinə görə, ətin qiymətinin ucuzlaşmasının başlıca səbəbi alıcılıq qabiliyyətinin aşağı düşüməsidir. Əvvəlki vaxtla müqayisədə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyən satıcının sözlərinə görə, regionlardan gələn ət paytaxta çatana kimi bir qədər bahalaşır. Buna baxmayaraq ucuzlaşma hiss edilir: “Alıcılıq qabiliyyəti zəifdir. Belə getsə, qiymətlər bir az da düşəcək”. Ekspertlər isə ucuzlaşmanın bir neçə səbəbini göstərirlər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ANS PRESS-ə bildirdi ki, ucuzlaşmanın ən əsas səbəbi yem çatışmazlığı və yemin baha olmasıdır. Onun sözlərinə görə, keçən ilin yaz-yay aylarında quraqlığın olması və suvarma suyuna olan ehtiyacın ödənilməməsi fermerlərin qış üçün yem ehtiyatı tədarükü edə bilməməsinə gətirib çıxardı. Bu isə bölgələrdə yemin, otun-samanın qiymətinin həddindən artıq qalxmasına səbəb oldu. “Hazırda vəziyyət kritikdir. Çünkü bəzi rayonlarımızda otun, küləşin qiyməti iki dəfədən çox bahalaşıb. Hazırda 1 ədəd yonca kipi 5 manata, təbii ot kipi 4 manata, küləş kipi isə 3 manata satılır. Ona görə də fermerlər heyvanları ucuz qiymətə satırlar. Məsələn İsmayıllının İvanovka kəndində vəziyyət kritik həddədir. Fermerlər heyvanlarını saxlaya bilmirlər, ona görə də dəyər-dəyməzinə satırlar. Heyvanı saxlamaq üçün yem lazımdır. Yem istehsalı azalıb. Bu günlərdə İsmayıllının İvanovka kəndinin kolxoz sədri deyib ki, onların yem ehtiyatı tükənib, bircə küləş qalıb. O da fevralın ortasına kimi bəs edəcək. Bu, çox ciddi siqnaldır”. Vahid Məhərrəmovun sözlərinə görə, ətin qiymətinin kəskin ucuzlaşmasının səbəblərindən biri də Rusiyadakı iqtisadi-siyasi böhrandır. Ekspert hesab edir ki, bu böhranın fəsadları əhalinin alıcılıq qabiliyyətini aşağı salıb. “Bu tələbatın azalması da qiymətlərin enməsinə birbaşa təsir edib. Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Belə ki, rublun məzənnəsinin ucuzlaşması nəticəsində ölkəmizə maliyyə axınları əhəmiyyətli dərəcədə azalıb. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində gündəlik istifadə olunan bəzi mallara təlabat azalıb. Manatın qonşu ölkələrin milli valyutasına nisbətən möhkəmlənməsi isə ölkəmizə mal, məhsul idxalını artırıb. Əvvəlki ilə nisbətən keçən il ət idxalı 28 faiz artıb. İdxal hesabına təklifin artması və bunun fonunda tələbin kəskin olaraq azalması bəzi məhsulların qiymətlərinin nisbətən aşağı düşməsinə səbəb olub”, - deyə ekspert bildirdi. V.Məhərrəmov ehtimal edir ki, Azərbaycanda ətin qiymətinin ucuzlaşması may ayına qədər davam edəcək. Lakin Novruz bayramı ərəfəsində qiymətlərdə müəyyən qədər bahalaşma olacaq. Bu da sahibkarların vəziyyətdən istifadə etməsindən irəli gəlir. Bayramdan sonra isə qiymətlər yenidən aşağı düşəcək: “Bir neçə aydan sonra ətin qiymətinin yenidən artımı gözləniləndir. Çünki qıtlıq tələbin təklifi üstələməsinə səbəb olacaq, bu da qiymət artımına gətirib çıxaracaq. Ucuzlaşma may ayına qədər davam edə bilər. Ondan sonra vəziyyətdən asılı olaraq qiymət artımı olacaq. Nəzərə almaq lazımdır ki, əvvəlki illərdə ənənəvi qaydada yay aylarında ətə tələbatin azalması bu məhsulun qiymətində 50 qəpik ucuzlaşmaya səbəb olurdu. İndiki ucuzlaşma isə rekorddur. Çünki rayonların əksəriyyətində ət alıcılara 5 manata təklif olunur. Bunun da əsas səbəbi taxıl istehsalının 585 min ton azalması olmuşdu. Bundan başqa ot istehsalı da ciddi olaraq azalıb”. Kənd Təsərrüfatı Nazirliyindən isə səslənən proqnozla bağlı narahatçılığa əsas olmadığını bildirdilər. Nazirliyin şöbə müdiri Qabil Əbdüləliyev deyib ki, bahalaşma olarsa, bunu bazar özü tənzimləyəcək. Lakin nəzərə alsaq ki, ət Azərbaycanda əsas qida məhsullarındandır onun qiymətinin artması bazarda digər məhsulların qiymətinə də təsirsiz ötüşməyəcək. Ekspert Vahid Məhərrəmov isə hesab edir ki, ətin qiymətinin tənzimlənməsini bazarın ümidinə buraxmaq olmaz. “Ölkədə yaranmış vəziyyətdən çıxamq üçün hökumət qabaqlayıcı tədbirlər görməli idi. Əgər ət istehsalı ilə məşğul olan fermerlər yem, ot, su, bazar və digər problemləri özləri həll edəcək, qiyməti isə bazar tənzimləyəcəksə, o halda nazirliyin fəaliyyəti nədən ibarət olacaq? Hesab edirəm ki, müvafiq qurumlar məsələ ilə bağlı müəyyən tədbirlər həyata keçirməlidir”.

bottom of page