Latın Amerikası ölkələrinə səfər edən Türkiyə prezidentinin son dayanacağı Meksika olub. ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meksikalı həmkarı Enriki Pena Nieto ilə təkbətək və heyətlərarası görüşlərdən sonra ümumi mətbuat toplantısında iştirak edib. Türkiyə prezidenti mətbuat topantısında çıxışı zamanı ölkələr arasındakı əlaqələrdən başqa ötən günlərdə ABŞ-ın Şimali Karolina ştatında öldürülən müsəlman gənclərin taleyindən də söz açıb. “Karolinada olan 3 müsəlmanın öldürülməsi ilə bağlı ABŞ prezidenti barak Obamanın, Con Kerrinin, Co Baydenin bu vaxta qədər heç bir açıqlama verməməsi çox “mənalıdır”. Mən cənab Obamaya səslənirəm: haradasınız deyirəm. Biz siyasət adamları ölkəmizdə baş verən cinayətlərə görə məsuliyyət daşıyırıq. Münasibət bildirmək məcburiyyətindəyik” – deyə R.T.Ərdoğan Meksikadan ABŞ- ismarış göndərib. Xatırladaq ki, ABŞ-ın Şimali Karolina ştatında yerləşən sakit bir məhəllədəki evlərdən birinə silahlı basqın nəticəsində 3 müsəlman gənc öldürülmüşdü.