PRESS NEWS AZERBAIJAN

Avtobuslarda dəyişiklik olacaq - ViDEO

19.02.2015

 Avropa Olimpiya Oyunları ərəfəsində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Məhdudiyyət rejimini tətbiq etmək üçün artıq xüsusi buraxılış vərəqələri də hazırlanıb. Nəqliyyatda yeniliklər bununla da bitmir.

Ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarına üç ay vaxt qalıb. Bu səbəbdən də paytaxtda aparılan hazırlıq işləri sürətləndirilib. Bu oyunlar ərəfəsində əsas yük demək olar ki, nəqliyyat sahəsinin üzərinə düşəcək. Elə buna görə də nazirlik gücləndirilmiş iş rejiminə keçib. Ölkəyə gələcək turistlərin daşınması üçün artıq paytaxta 300 ədəd yeni avtobus və taksi gətirilib. Mart ayında daha bu qədər nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi planlaşdırılır.

Avtobuslarda nəqliyyat kartlarına keçid də məhz növbəti ayda gözlənilir. Artıq 1000-dən çox ictimai nəqliyyat vasitəsində xüsusi validatorlar quraşdırılıb. Bu qurğular yerli sərnişinlərə, eləcə də ölkəmizə gələn əcnəbilərə nəqliyyat kartlarından istifadə üçün nəzərdə tutulub. Nəqliyyat nazirliyinin sözçüsü Namiq Həsənovun sözlərinə görə, hələlik yalnız avtobuslara şamil olunan kart sistemində yaxın vaxtlarda əsaslı dəyişikliklər olacaq.

“Hazırda bir neçə iritutumlu avtobuslarda belə validatorlar quraşdırılması prosesi gedir. Eyni zamanda kartların sayının artırılması istiqamətində də iş gedir. Müzakirə olunurdu ki, mümkün olarsa nəqliyyatda ödəmələr başqa kartlar vasitəsilə də həyata keçirilsin. Artıq həmin kartların metroda da istifadə olunmas məsələsi gündəmdədir”, – deyə Namiq Həsənov bildirib.

Oyunlar ərəfəsində tıxacların qarşısının alınması üçün ciddi tədbirlər də görüləcək. Hətta bir müddət paytaxt ərazisində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Məhdudiyyət rejimini tətbiq etmək üçün artıq Bakı Şəhər İcra Hakimiyyəti xüsusi buraxılış vərəqələri hazırlayıb. Bu vərəqələr yalnız müəyyən ərazidə yaşayan sakinlərin və fəaliyyət göstərən obyektlərin xidməti avtomobillərinə şamil olunacaq. Nəqliyyat və Daxili İşlər Nazirlikləri, o cümlədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi oyunlar keçirilən ərəfədə paytaxt yollarında sabitliyin gözlənilməsinə xüsusi nəzarət edəcək.

Oyunlar paytaxtda yerləşən 17 stadionda keçiriləcək və bu o deməkdir ki, vətəndaşlar bu istiqamətlərdə mümkün qədər şəxsi nəqliyyat vasitələrindən az istifadə etsinlər.(anspress)

 

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR