PRESS NEWS AZERBAIJAN

Ekspert: "Dollarla kreditlərin təklif edilməsi həm əhalini, həm də bankları ciddi risklərlə üz-üzə qoyur"

21.02.2015

 "Banklarda kredit verilən zaman əmanətlərin bir hissəsi dollar, bir hissəsi isə manatla verilməlidir. Amma təəssüf ki, kommersiya banklarında demək olar ki, bütün kreditləri dollarla təklif edir".

 

Bu sözləri PressNews.Az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov son günlər manatın məzənnəsində baş verən dəyişiklikləri şərh edərkən deyib.

 

"Kommersiya bankları artıq uzun müddətdir ki, manatla kreditlərin verilməsini həyata keçirmirdi. Əsas məqsəd də ondan ibarət idi ki, kreditlərin dollarla verilməsi zamanı kommersiya bankları risklərdən müəyyən qədər sığortalamış olurdu.

 

Əslində isə banklarda kredit verilən zaman əmanətlərin bir hissəsi dollar, bir hissəsi isə manatla verilməlidir. Amma təəssüf ki, kommersiya banklarında demək olar ki, bütün kreditlər dollarla təklif edilir. Dollarla kreditlərin təklif edilməsi həmin krediti götürənlərin ödəniş qabiliyyətinə birbaşa təsir göstərəcək.

 

Baxmayaraq ki, kommersiya bankları risklərdən sığortalanmaq üçün bu yolu seçib, ancaq bu seçim kommersiya banklarını ciddi risklərlə üz-üzə qoya bilər".

 

Qeyd edək ki, Azərbaycan banklarının bir qismi manatla kredit ayrılmasını bütünlüklə dayandırıb. Banklar manatdan imtina etmələrini son günlər onun məzənnəsində yaranmış qeyri-müəyyən vəziyyətlə, daha dəqiq desək, milli valyutanın dəyərdən düşməsi ilə izah edirlər.

Please reload

<