top of page

“Azərsun”dan qiymət açıqlaması - Eksklüziv


c617051a627d15dfa2b78ca13c50ad33_XL.jpg

Azərbaycanın ən böyük qida məhsulları istehsalçısı “Azersun Holding” qiymətlərin gözlənilən artımı ilə bağlı atacağı addımları açıqlayıb.

Holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov “Marja”ya bildirdi ki, hazırda holdinqdə yaradılmış komissiya mövcud vəziyyət ilə bağlı işə başlayıb:

“Hal-hazırda “Azersun Holdinq”də maksimum şəkildə istehlakçıların qiymət bahalaşmasından qorunması istiqamətində müzakirələr aparılır. Çalışırıq ki, istehsalını daxili resurslar hesabına həyata keçirildiyimiz məhsullar üzrə qiymətlərdə kəskin artım etməyək. Rəsmi orqanlar ilə bu istiqamətdə əməkdşlıq mühitində işləyirik. Süni qiymət artımı ilə mübarizə aparmaq üçün “Bazarstore” da xüsusi rejimə keçib. “Bazarstore”un əməkdaşları bəzi işbazların bu vəziyyətdən faydalanmalarının qarşısını almağa çalışırlar. Belə ki, bəzi işbazlar və marketlər “Bazarstore”dan malları xeyli sayda və ucuz qiymətə alaraq sonradan baha satmaq fikirinə düşüblər. Bu səbəbdən də mağazalarımızda bir çeşid maldan, yalnız bir ədəd satılır”.

YERLİ MƏHSULLAR 50% BAHALAŞA BİLƏR

“Marja”nın əməkdaşının yerli istehslçılar ilə apardığı müzakirələr göstərir ki, yerli məhsullarda da kəskin qiymət artımı qaçılmaz olacaqdır. Bahalaşmanın manatın ucuzlaşmasına paralel olaraq 34% deyil, daha yüksək, minimum 50% olacağı gözlənir. Valyuta məzənnəsi ilə bağlı yaranan qiymət artımından əlavə, vergi və gömrüyün, həmçinin digər orqanların nəzarəti gücləndirmələri, işçilərin əmək haqlarını artırmalarını tələb etmələri də qiymətlərə artım istiqamətində təsir göstərir.

Bir ölkənin valyutasının dəyərdən düşməsi idxal xərclərini və borc öhdəlikləriniartırdığı üçün sənayedə istər-istəməz xərclərin artması ilə ortaya çıxır və yerli istehsalçının ixracdan gələn qazancı yaranan əlavə xərclərin qarşılanmasına gedir. Məsələn, Azərbaycan şəkər tozuna olan təlabatını 180% yerli istehsal hesabına ödəsə də, şəkər tozunu əldə etmək üçün istifadə edilən xam şəkərin böyük hissəsi Braziliyadan alınır. Başqa bir misal, Azərbaycan duru bitki yağları (qarğıdalı, günəbaxan və s.) istehsal etsə də, əsas xammal xaricdən alınaraq qablaşdırılır. Eyni zamanda, məhsulların qablaşdırılması üçün tələb olan tara materiallarının çoxu xaricdən alınır. Xarici valyutalar, əsasən də Dollar və Avro bahalaşdığından idxal bahalı olacaqdır və deməli idxala bağlı istehsalda xərclərin artacağı qaçılmazdır.

Eyni zamanda, real sektorun əsasən ABŞ dollarında xeyli miqdarda və qısamüddətli borcu var. Borcların AZN qarşılığının artması nəticəsində xərclərinin yüksəlməsi çətinlik yaradacaqdır.

bottom of page