Mərkəzi Bank sədrinin 63 yaşı var.
Manatın məzənnəsindəki son dəyişiklik nəticəsində ölkə ictimaiyyətinin və medianın əsas qınaq obyektinə çevrilmiş Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov artıq dördüncü beşillikdir ki, bu strateji dövlət qurumuna rəhbərik edir.
Amma onun Mərkəzi Bankın sədri kimi səlahiyyət müddəti artıq başa çatmaq üzrədir.
Bu ilin aprelində Elman Rüstəmovun səlahiyyət müddəti başa çatacaq.
Qeyd edək ki, 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib.
Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib.
İqtisadiyyat elmləri üzrə doktor E.Rüstəmov 2012-cı ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Beləliklə, hazırda fəaliyyəti müzakirə olunan ölkənin baş bankiri təxminən bir ay yarımdan sonra salahiyyətini bitirəcək. Amma 20 ildir Mərkəzi Banka rəhbərlik edən Elman Rüstəmova daha 5 il səlahiyyət verilə bilər.(Modern.az)