top of page

Naxçıvan MR-nın Bakı şəhərindəki nümayəndəliyində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçir


2.jpg

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində 25 fevral 2015-ci ildə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni təcavüzkarlarının törətdiyi vəhşiliklərdən söz açıb.

O, qeyd edib ki, Xocalı soyqırımının 23-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir.

Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olduğunu vurğulayan B. Əsgərov bildirib ki, “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoymuşdur: “Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırım olduğunu təsdiq edir. B. Əsgərov qeyd edib ki, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmiş, lakin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir: “1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir. O vurğulayıb ki, Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir.

Tədbir zamanı B. Əsgərov diqqətə çatdırıb ki, Ali Məclisin sədri Cənab Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı qurbanlarına Xatirə Kompleksi ucaldılmışdır. Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir. Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımı ilə bağlı silsilə anım tədbirləri keçirilir.

Sonra isə Əlaqələndirmə sektorunun böyük məsləhətçisi Ramazan Abbasov da tədbir iştirakçılarına sözügedən faciə barədə tarixi fakları əks etdirən məruzələrlə çıxış edib. Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinə çatdırılması istiqamətində “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciəsinin dünyaya çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə ilk dəfə bu məsələyə Milli Məclisdə siyasi-hüquqi qiymət verilib. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil üzü göstərilir.

Tədbirdə çıxış edən Nümayəndəliyin Əlaqələndirmə sektorunun məsləhətçisi Nurlana Qəribova deyib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin davamıdır. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. O bildirib ki, ermənilərin məlum təcavüzü nəticəsində Xocalıda əlil olan, ailə başçısını itirən soydaşlarımız dövlətimizin hərtərəfli sosial qayğısı ilə əhatə olunub. Onlara verilən pensiya və müavinətlərin məbləği ilbəil artırılır. “Xalqımız əmindir ki, Azərbaycanın haqq səsi tezliklə bütün dünyada eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq”.

1.jpg

2.jpg

3.jpg

4.jpg

5.jpg

bottom of page