Ermənistan parlamentinin ötən gün keçirilən iclasında bu il martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olması böyük müzakirəyə səbəb olub. ANS PRESS-in məlumatına görə, müxalifətdə olan parlament üzvləri bu addımı Ermənistan hakimiyyətinin və ordusunun məğlubiyyəti adlandırıb, hətta müdafiə nazirini istefaya çağırıblar. İqtidarda olan deputatlar isə baş verən hadisəyə don geyindirməyə çalışıb, ictimaiyyəti çaşdırmaq üçün müxtəlif yalanlara, versiyalara əl atıblar. Belə ki, prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından olan deputat Seyran Saroyan jurnalistlərə deyib ki, guya erməni əsgərinin Azərbaycan tərəfinə keçməsi ilə bağlı yayılan video saxtatır və bunu azərbaycanlılar düzəldiblər. O, erməni hərbi qulluqçusu haqqında Azərbaycan KİV-lərində yayılmış məlumatı şərh edərək bildirib: "Görünür, bu video saxtadır. Mən hardan bilim, o, nə üçün və haradan keçib. Bunu ondan soruşmaq lazımdır. Bəlkə ruhi xəstə idi, düzgün danışa bilmir. Əgər bu, saxta deyilsə, nə üçün təmas xəttini, sərhədi keçən düşmən əsgərinə atəş açılmayıb?" Görəsən, bu bədbəxt deputatın dünyadan, hərb sənətindən xəbəri varmı, ağzından çıxan yalanları qulağı duyurmu. Birincisi, Seyran Saroyan nə üçün izah etməyib ki, ruhi xəstənin orduda nə işi var. Demək, erməni ordusuna hərbi xidmət üçün ancaq və ancaq ruhi xəstələr çağırılır və bu, ruhi xəstələrdən ibarət ordudur. İkincisi, "mən hardan bilim" deyən erməni deputatın diqqətinə çatdırırıq ki, ruhi xəstə kimi qələmə verilən Andranik Araratoviç Qriqoryanın silah-sursatı yerə qoyub bu addımı atması həm ölkə daxilində, həm də orduda hərc-mərclik, ermənilər arasında yaranmış gərginlik, qorxu və panika hissi ilə bağlıdır. Nəhayət, yalan danışmaqla ictimaiyyətin başını qatmaq istəyən S.Saroyanın nəzərinə çatırırıq ki, əgər elə qoçaq idilərsə sərhədi keçən əsgəri elə özləri atəş açıb öldürəydilər. Bu şəxs anlamır ki, onun ruhi xəstə adlandırdığı Andranik Qriqoryan sərhədi keçəndə ağ bayraq qaldırıb. Ağ bayraq qaldırana isə atəş açmaq hərbi qanunlara görə qadağandır. Baxmayaraq ki, ermənilər üçün bu qayda-qanunlar mənasızdır, amma Azərbaycan tərəfi heç bir xəsarət yetirmədən qoşunların təmas xəttini keçən erməni hərbçisini saxlayıb, sülhpərvərliyini, humanistliyini belə addımları ilə bir daha göstərib. Hazırda təhlükəsizliyi təmin olunmaqla saxlanılan şəxs A.Qriqoryanla hamılıqla qəbul olunmuş insan hüquqları normaları daxilində rəftar edilir. Zənnimizcə, ruhi xəstə hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan yox, parlamentin səbatsız üzvü Seyran Saroyanın elə özüdür. Əgər erməni deputat buna inanmaq istəyirsə, buyursun, aşağıdakı videolara baxsın, ruhi xəstə kimi qələmə verdiyi Andranik Qriqoryanın ilkin dindirmə zamanı dedikləri məntiqli cümlələri bir daha eşitsin və nəticə çıxarsın.