Kinorejissor dövlət başçısına hədiyyə təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.
PressNews.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, Nikita Mixalkov Azərbaycana səfərindən dərin məmnunluq hissi keçirdiyini bildirdi. Bakıda misli görünməmiş inkişafın şahidi olduğunu vurğulayan kinorejissor filmlərindən birinin epizodunun Bakıda çəkildiyini məmnunluqla xatırladı. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Nikita Mixalkov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə göstərdiyi müstəsna xidmətlərin önəmini vurğulayaraq Ulu Öndərin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin qurulması və möhkəmləndirilməsindəki rolunu xüsusi qeyd etdi.
Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun Azərbaycana səfərinin ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyini bildirdi. Dövlət başçısı ölkəmizdə mədəniyyətin, o cümlədən kinematoqrafiyanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması istiqamətində ardıcıl işlər aparıldığını da qeyd etdi.
Görüşdə ölkələrimiz arasında mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Sonra Nikita Mixalkov Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.