PRESS NEWS AZERBAIJAN

Manatı sərbəst buraxsalar, nə olar? - Təhlil

03.04.2015

 

Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsində hər hansı bir ciddi dəyişiklik gözləməsə də, milli valyutanln xarici bazarlarda baş verə biləcək hadisələrə adaptasiya edilməli olacağını deyir.

Bankın sədri Elman Rüstəmov həmçinin Azərbaycan manatının üzən məzənnəyə keçməsi üçün hazırlıq işlərinin getdiyini də bəyan edib. Lakin o həm də qeyd edib ki, hazırda milli valyuta tam olaraq üzən məzənnəyə hazır deyil.

Bəs manat sərbəst buraxılarsa nə baş verər?

Maliyyə və banklar üzrə ekspert Əkrəm Həsənov manatın inkişaf etmiş ölkələrdə olduğu kim tam sərbəst buraxılmasının qeyri-mümkün olduğunu deyir.

Onun fikrincə, belə bir addım son dərəcə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. O bunun səbəbini ölkənin bank sistemində görür.

“Banklarımız tez-tez qanunları pozur, banklarda risklərin idarə edilməsi sistemi, yaxşı korporativ idarəetmə yoxdur, bank nəzarəti çox aşağı səviyyədədir. Mərkəzi Bank da anlayır ki, milli valyuta sərbəst üzən məzənnəyə buraxılarsa, bu çox pis nəticələr verə bilər.”

Cənab Həsənov həm də qeyd edir ki, Milli Bank rəhbərindən fərqli olaraq, manatın üzən məzənnəyə keçəcəyi təqdirdə dolların ona nisbətdə 20-30 faiz deyil, daha çox möhkəmlənəcəyini düşünür.

İqtisadçı Samir Əliyevsə deyir ki, Elman Rüstəmovun açıqlaması real vəziyyətə verilən düzgün qiymətdir. Onun fikrincə bu çıxış xüsusi açıqlığı ilə seçilir.

 

“Əgər [Milli Bank sədri] daha əvvəlki çıxışlarında manatı heç bir təhlükənin gözləmədiyini deyirdisə, bu çıxışında hər şeyi daha açıq ortaya qoydu. Bu dəfə o xüsusi olaraq vurğulayıb ki, manatın məzənnəsi neftin qiymətindən çox asılıdır və manat dünya bazarında neftin qiymətinə adaptasiya olunacaq”.

Neft qiymətləri

Samir Əliyevin sözlərinə görə, bu iki fikir əvvəlki fikirlərdən çox fərqlidir. “Bu, bir növ neft qiymətlərinin manatın məzənnəsinə təsir göstərdiyi və baş vermiş devalvasiyanın sonuncu olmadığı barədə etiraf idi”.

Üzən məzənnə məsələsinə gəldikdə isə Elman Rüstəmov tam yox, idarəolunan üzən məzənnəyə keçiləcəyi barədə danışıb.

Əgər Mərkəzi Bank məzənnə ilə bağlı müqavimət göstərərsə, hazırda 11 milyard dollar olan valyuta ehtiyatı kəskin azalacaq. Samir Əliyev neftin ucuzlaşacağı təqdirdə Mərkəzi Bankın manatın saxlanması ilə bağlı müqavimət göstərməyəcəyini, bunun da öz növbəsində ikinci devalvasiyanın olacağına işarə olduğunu düşünür.

Ekspert həm də diqqəti manata olan təzyiqin devalvasiyadan əvvəlki və sonrakı dövrlər arasındakı fərqinə yönəldib. Əgər devalvasiyadan əvvəl manata güclü təzyiq vardısa, devalvasiyadan sonra bu təzyiq kəskin azalıb.

Elman Rüstəmovun təkcə mart ayı ərzində 1 milyard dollar məbləğində intervensiya edildiyi barədə açıqlamasına şərh verən Samir Əliyev düşünür ki, bu, ikinci devalvasiyanın qaçılmaz olduğuna işarədir.

Onun fikrincə, neftin qiymətinin 40 dollara enəcəyi halda ikinci devalvasiya baş verəcək və o 20-30, bəlkə də daha çox faiz təşkil edəcək. Növəti dəfə devalvasiya vasitəsilə manata təzyiq azaldılacaq. Bununla da valyuta ehtiyatı qorunmuş olacaq.

Devalvasiyanın digər maraqlı effektlərindən danışan Samir Əliyev izah edib ki, neftin bir barrelinin 90 dollara olacağı təqdirdə hər barrelə görə büdcəyə 72 manat pul gələcəyi düşünülürdü. Lakin neftin qiyməti 55 dollara düşdüyündən gələn gəlir 43 manata düşmüşdü. Devalvasiya nəticəsində həmin 43 manat 52 manat oldu.

“İndi də eyni qaydada, manata təzyiq artarsa məbləği bir az da artırmaqla eyni effektə nail oluna bilər. Beləliklə devalvasiyadan qazanan yeganə tərəf dövlət və onun büdcəsi, Maliyyə Nazirliyi olur. Qalan bütün sektorlar, o cümlədən bank sektoru, sahibkarlar və vətəndaşlar devalvasiyadan çox itirirlər”.

Samir Əliyev də manatın üzən məzənnəyə keçirilməsinin qeyri-mümkün olduğunu deyib.

Onun fikrincə, iqtisadiyyatda diversifikasiyanın olmaması, maliyyə sisteminin, fond birjalarının, valyuta bazarının, maliyyə institutlarının oturuşmamış vəziyyətdə olması üzən məzənnə siyasətinə keçidi qeyri-mümkün edir.

“Belə bir siyasət manatın məzənnəsinin kəskin ucuzlaşmasına səbəb ola bilər. Bank sektorunun çökməsi isə çoxlu problemlər yarada bilər. Hazırda insanların faktiki kreditlər ala bilməməsi sahibkarlığa ziyan vurmaqdadır,” - Samir Əliyev deyib.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload