PRESS NEWS AZERBAIJAN

Polis balakənli “narkobaronların” görüntülərini yaydı — FOTOLAR

03.04.2015

 

Əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Balakəndə keçirilən xüsusi əməliyyat zamanı tutulan dəstə üzvlərinin görüntüləri yayılıb.

Görüntülərdə dəstə üzvlərindən müsadirə olunan narkotik, silah-sursat əksini tapıb.

Qeyd edək ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları mütəşəkkil dəstələr tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Balakən rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Balakən sakinləri olan bu şəxslərin 2-si əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Onların üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, 70-ə yaxın müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 ədəd çətənə kolu götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. (Apa)