PRESS NEWS AZERBAIJAN

"Manatın devalvasiyası 2 manat səviyyəsinə çata bilər"

08.04.2015

 

"Manatın devalvasiyası birbaşa neftdən asılıdır".

"Manatın məzənnəsini saxlamaq üçün Mərkəzi Bank 25 fevraldan bu günə qədər təqribən 1 milyon dollardan çox vəsait xərcləyib. Xərclənən vəsaitlərin qarşısını almaq üçün devalvasiyaya ehtiyac var idi. Yəni biz onda yumşaq devalvasiya etdik ki, sonra insanlar bundan əziyyət çəkməsinlər".

Bu sözləri PressNews.Az-a danışan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

 

 Onun sözlərinə görə, manatın devalvasiyası insanlara olduqca mənfi təsir edəcək.

 

"Qısacası, manatın devalvasiyası birbaşa neftdən asılıdır. Hər kəsə bəllidir ki, manatımız neftə birbaşa bağlı milli valyutadır. Yəni neftin qiymətində dəyişiklik varsa, neftin qiyməti dünya bazarında düşürsə manat da devalvasiyaya uğrayacaq. Çünki bizim ixracımızın əsas hissəsini neft və neft məhsulları təşkil edir.

 

Hesab edirəm ki, manatın devalvasiyası 1.5 və ya 2 manat səviyyəsinə çata bilər. Təbii ki, bu yaxın vaxtlarda olmasa da, ümumiyyətlə, il ərzində baş verəcək".

 

Millət vəkili baş verənlərin əhaliyə təsirindən də danışıb.

"Baş verən proseslərin əhaliyə təsirinə gəlincə, bu sözsüz ki, qiymətlərə, qiymətlər isə ailələrə öz təsirini göstərəcək. Bunlar isə artıq aydın məsələlərdir". (olke.az)