Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub. Dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər. Peyğəmbər məscidində din xadimləri dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar. Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qıldılar. Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi adlanan bu müqəddəs məkan dünyanın ən böyük məscidlərindən biridir. İslamda Məkkədəki Əl-Həram məscidindən sonra ikinci müqəddəs ocaq hesab olunan Peyğəmbər məscidi hicrətdən sonra Mədinədə Məhəmməd peyğəmbər və əshabı tərəfindən inşa edilib. Sahəsi 400 min kvadratmetr olan məscidin 10 minarəsi var. Bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir. Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində böyük hörmətlə qarşılanan Prezident İlham Əliyevə olan yüksək münasibətin və onun nüfuzunun nəticəsi idi ki, dövlətimizin başçısına Peyğəmbər məscidində dərin ehtiram göstərildi, Məhəmməd peyğəmbərin dəfn olduğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin ziyarəti üçün açıldı. Məscidlə tanışlıq zamanı buraya toplaşan insanlar da Azərbaycan Prezidentinə öz hörmət və ehtiramlarını bildirdilər, onlar dövlətimizin başçısına səmimi salamlarını çatdırdılar. Məhəmməd peyğəmbərin vaxtında bu məscid Rəsulullahın Mədinədə bütün fəaliyyətinin mərkəzi olub. Buna görə də Peyğəmbər məscidi faktiki olaraq həmin dövrdə İslam ümmətinin mərkəzi hesab edilirdi. Miladi təqvimlə 632-ci ildə həzrəti Məhəmməd (s) dünyasını dəyişdikdə hazırda Peyğəmbər məscidi kompleksinə daxil olan evində dəfn edilib. Hər il Məkkəyə Həcc ziyarətinə gedən zəvvarlar ənənəvi olaraq Mədinəyə gələrək Peyğəmbər məscidində həzrəti Məhəmmədin məzarını da ziyarət edirlər. Məscid kompleksi müasir texnologiyalar, həmçinin Şərq və İslam mədəniyyətinin vəhdət təşkil etdiyi gözəl memarlıq üslubunda yenidən inşa edilib, ərazisi genişləndirilib. Hazırda burada 650 min müsəlmanın eyni vaxtda ibadətlə məşğul olmaq imkanı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri aprelin 7-də başa çatıb.