İtaliyada Azərbaycan Tələbə Şəbəkəsi yaradılıb. Avropada yaşayan azərbaycanlı tələbələri öz əhatəsində birləşdirən Azərbaycan Tələbə Şəbəkəsi İtaliyanın paytaxtı Roma şəhərində də fəaliyyətə başlayıb.
Romada yerləşən Marriott Hoteldə 200-dən artıq qonağın iştirakı ilə təşkilatın İtaliya nümayəndəliyinin açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadiqov, Azərbaycan Tələbə Şəbakəsinin sədri Nazim Əliyev də daxil olmaqla Azərbaycandan və İtaliyadan 200-dən artıq qonaq iştirak edib. Açılış mərasimini giriş sözü ilə açan Vaqif Sadiqov Avropada oxuyan azərbaycanlı tələbələr arasında koordinasiyanın qurulmasında, onların vətənimiz üçün faydalı olan işlərə cəlb edilməsində təşkilatın önəmini vurğulayıb və İtaliya nümayəndəliyinə uğurlar arzulayıb.
Öz növbəsində təşkilatın sədri Nazim Əliyev Azərbaycan Tələbə Şəbəkəsinin məqsəd və vəzifələrini qonaqların diqqətinə çatdırıb. Nazim Əliyev bildirib ki, qurulduğu ildən etibarən təşkilat Avropanın fərqli şəhərlərində təşkil etdiyi mədəni və elmi tədbirlər vasitəsilə ölkəmizi Avropada layiqincə təmsil edir, xalqlar arasında körpü rolunu uğurlu şəkildə icra edir.
Mərasim Azərbaycandan və İtaliyadan incəsənət xadimlərinin iştirakı, opera müğənnisi Məhərrəm Hüseynovun, saz ifaçısı Petra Nachtmanovanın müğənni Simona Caruso və gitarist Mattia Carradori ifası ilə davam edib.