PRESS NEWS AZERBAIJAN

Azərbaycanın orta məktəblərində dərslərin bitmə və "Son zəng"in tarixləri açıqlandı (ƏLAVƏ OLUNUB)

17.04.2015

 

 

Azərbaycan Təhsil Nazirliyi Bakının bəzi məktəblərində, xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən məktəblərdə tədrisin mayın 31-dən daha tez başa çatacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlik Trend-in sorğusuna cavab olaraq, bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatır.

Lakin 2015-ci ildə may ayının 31-i bazar gününə təsadüf etdiyindən cari tədris ilində 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər mayın 29-u, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mayın 30-u başa çatacaq.

"Son zəng” tədbirləri də müvafiq olaraq mayın 29-u və 30-u bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcəkdir.