Kino sənayesi çox əziyyət tələb edən, nəticəsi yaxşı olanda baş ucaldan, əks halda zirvədən yerə çırpan sahədir. 30 ilə yaxın müddətdə Azərbaycanda film istehsalı xırda haşiyələri çıxmaqla özünün ölü dövrünü keçirdi. Azərbaycan tamaşaçısı bağlanan kinoteatrlar və yalnız televiziya ilə yayımlanan uğursuz filmlərlə birlikdə həm də yerli kino anlayışını yadırğamağa başladı.
Son bir neçə ildəsə həm dövlət sərmayəsi ilə yaradılan, həm də özəl kinoteatrların istifadəyə verilməsi yalnız xarici filmlərlə bəyaz pərdəyə tamaşaçı toplaya bildi. 2014-cü ilə qədər.
Hal-hazırda kinoteatrlarda nümayişdə bir neçə yerli film var. Güc bəla aparılan reklamla tamaşaçı toplayıb, 1-2 saatdan sonra bir çoxusunu verilən bilet pulu və ayrılan vaxta görə peşiman etsələr də, hər şeyə baxmayaraq istehsalçılarına müəyyən qədər gəlir gətirsələr də belə filmlər kino sənayesinin dirçəlməsinə ümid yaradıb. Amma bir məsələ var ki, "bizimkilər çəkib, heç nə" çərçivəsini qıra bilmirlər. Bunun kökündə bir çox səbəb var. Qeyri peşəkarlıqdan maliyyə məsələlərinə qədər. Amma o da unudulmamalıdır ki, tamaşaçı şeytanın qıçını qırıb birtəhər qapısından girdiyi kinoteatrlarla məhz belə "təcrübələr" səbəbilə bir dəfəlik sağollaşa bilər. Bu günlərdə sosial şəbəkələrdə insanların "həqiqətənmi bunu biz çəkmişik" deyərək və sevinərək paylaşdıqları film teaser-i əsas müzakirə mövzularındandır. Söhbət Şəkidə yerləşən "REC FİLM" studiyasının çəkilişinə başladığı "Şeytanın tərəfində" qorxu filmindən gedir.
Filmin yaradıcıları deyirlər ki, əsas istəkləri azərbaycanlıları bu ölkədə heç də qərb istehsalı filmlərdən geri qalmayacaq ekran əsəri yaratmağın mümkünlüyünə inandırmaqdır. Filmin ssenarist və rejissoru olan Rəvan REC çəkdiyi filmin əslində qeyri-adi bir olay olduğunu düşünmür: "Studiyamız indiyə qədər istər çəkilən çarxlar olsun, istər reklam filmləri, istər qısa filmlər, insanları heyrətləndirməyi bacarıb. Əslində son illərə müasir kinoteatrların istifadəyə verilməsi böyük kino barədə ciddi-ciddi düşünməyimizə gətirib çıxardı. Fikirləşirdik ki, Azərbaycan tamaşaçısı komediyalarla yanaşı həm də yerli qorxu filmlərinə acdır." "Şeytanın tərəfində"nin ilk kadrları artıq lentə alınıb. Çəkilişlərin Şəkidə aparıldığı filmin teaser-ində rol alan aktyorlar da azərbaycanlılardır. Teleaparıcı Zümrüd Məmmədzadə və model Orxan İsgəndərovun da kamera qarşısına keçdikləri tanıtım səhnəsinin insanlarda oyatdığı maraq onu deməyə əsas verir ki, filmin potensial tamaşaçısı artıq var.
Rəvan bildirir ki, insanların izlədiyi kadrlar o qədər də baha olmayan, Azərbaycanda əlçatan texniki vasitələrlə ərsəyə gətirilib. Baxmayaraq ki, film bildiyiniz "Azərbaycan filmləri"ndən deyil. Bir çox yerli məşhur aktyorların da cəlb edildiyi "Şeytanın tərəfində"nin süjet xəttinə gəlincə, ssenarist filmdə hadisələrin real olaylara dayandığını bildirir. "Əslində biz qeyri-adi nəsə kəşf etməmişik. Sadəcə real həyatda olan bir əsrarəngiz olayı bəyaz pərdəyə daşıyırıq. Bir balaca səbr və hər şeyi özünüz görəcəksiniz."
Filmin məsləhətçisi, televiziya və radio aparıcısı Murad Həşimov deyir ki: "inanırıq ki, "Şeytanın tərəfində" Azərbaycan kinosunda şeytanın qıçını qıracaq. Bilirsiniz, insanlar son vaxtlarda yerli filmləri izləyirlər, amma gəlin görək belə filmlərlə dünya bazarına çıxmaq olarmı? Təssüf ki, qətiyyən. Onların bir çoxusunu ərsəyə gətirənlər də dostlarımızdır. Amma məsələyə açıq bucaqdan baxanda reallığı görməzdən keçmək olmur. Təbii ki, hər bir Azərbaycan övladı kimi mən də istəyirəm ki, öz dilimdə olan, oz qanımdan olan insanların çəkdiyi filmdən ləzzət alım. Qürurla əcnəbi dostlarla da paylaşım. Bax həqiqətən də, "Şeytanın tərəfində"ni yaradan, məhz yaradıcı heyətdə bununçün olan ortaq inam və cəhddir."
"Rəvan işini bilən və addımından dönməyən xarakterə sahibdir. İşbirliyi ilə yanaşı biz həmdə yaxın dostuq. Əgər o bu işə girişibsə, bütün azərbaycanlı filmsevərlərə demək istəyirəm ki, darıxmayın, tezliklə biletə verdiyiniz pulu halal edəcəyiniz, qürurla haqqında danışacağınız və Azərbaycan film sənayesinə damğasını vuracaq ekran işi görəcəksiniz."
Qeyd edək ki, "Şeytanın tərəfində" qorxu filminin ilin sonu və yaxud gələn ilin əvvəlində nümayişə hazır edilməsi planlaşdırılır. "REC FİLM" studiyası paralel olaraq digər ssenarilər üzərində də işləyir.
Film barədə daha ətraflı məlumatları və son proses barədə "Şeytanın tərəfində"nin rəsmi facebook səhifəsindən məlumat almaq olar: https://www.facebook.com/devilsidemovie
PressNews.Az "Şeytanın tərəfində" filminin teaser-ini sizə təqdim edir: