Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Eldar Hüseynovun (1959-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
PressNews.Az xəbər verir ki, ötən il mayın 26-da Binəqədi RPİ və 4-cü polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Novxanı bağlar massivinə yollanmaqla müəyyən ediblər ki, 3 gün əvvəl tüfeyli həyat tərzi keçirən Rusiya vətəndaşı Xaron Şəmiyev naməlum şəxs tərəfindən öldürülüb və həyətdə basdırılıb. Mərhumun meyiti göstərilən yerdən çıxarılandan sonra, müayinə üçün məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyinin rayon şöbəsinə göndərilib, rayon prokurorluğunda fakt üzrə cinayət işi başlanıb.
Həmin gün polis şübhəli şəxs qismində Eldar Hüseynovu saxlayıb, dindirmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
İstintaqla müəyyən edilib ki, Eldar Hüseynov Xaron Şəmiyevlə yarımçıq tikilidə birlikdə yaşayıb, hər ikisinin daimi yaşayış yeri olmayıb, hər ikisi tüfeyli həyat tərzi keçirib. Hadisə baş verən gün spirtli içkini ondan gizli içdiyini bilən Hüseynov Şəmiyevə bunu irad tutub, bu zəmində aralarında yaranan mübahisə qarşılıqlı söyüşlərlə davam edib, sonra isə Eldar bıçağı alaraq Xaronun döş və sinə nahiyələrinə zərbələr vurub. Cinayətin izini itirmək məqsədi ilə Hüseynov meyiti gizlətmək qərarına gəlib və meyiti basdırıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə E.Hüseynov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.