top of page

Politoloq: "ABŞ-da Azərbaycana qarşı aparılan kampaniyanın əsas ideoloqu dövlət katibi Con Kerr


"Bakı 2015 I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının təşkilatçılığı ilə “Qərbin ikili standartları: demokratiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib. “Report”un məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, QHT rəhbərləri, mətbuat nümayəndələri iştirak ediblər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyib ki, Qərb Azərbaycana qarşı "qara piar" kampaniyası aparır.

O qeyd edib ki, bu təzyiqlərin I Avropa Oyunlarına hazırlıq getdiyi bir dövrə təsadüf etməsi təəssüf doğurur: “Bütün bunlar Qərbin ikili standartlarından xəbər verir. Amma bu "qara piar" kampaniyası heç bir nəticə verməyəcək. Biz birləşib, Azərbaycana qarşı aparılan kampaniyanın qarşısını alacağıq, əvvəlki tədbirlərdə olduğu kimi indi də tarix yazacağıq”.

Deputat Zahid Oruc bildirib ki, ABŞ dövlət katibi Con Kerrinin rəhbərliyi ilə Azərbaycana qarşı hazırlanmış sənəd əvvəlkilərdən fərqlənir: “Söhbət Azərbaycana qarşı hazırlanmış plandan gedir. Amerikayönümlülüyün bu qədər təhlükəyə çevrilməsinin səbəbi nədir? Düşünürəm ki, bu Azərbaycan hakimiyyəti ilə bağlı deyil. ABŞ hazırkı dünya siyasəti ilk növbədə özünün demokratikləşmə siyasətinə və Azərbaycanla olan münasibətlərinə zərər vurur. Onların Azərbaycandakı tərəfdarları da azalmaqdadır. Digər dövlətlər də Vaşinqtonun yürütdüyü siyasətə şübhə ilə yanaşırlar. Qərbin Azərbaycanı cəzalandırmaq siyasəti nə ilə nəticələnə bilər? Bu, istənilən halda Qərbin özünə zərbə sayılacaq”.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Qərbin Azərbaycana qarşı yürütdüyü siyasəti tənqid edib. Onun fikrincə, Qərb ölkələri özlərini ideal hesab etsələr də, təcrübə bunun əksini göstərir. Həmin dövlətlərdə də xeyli nöqsanlar var.

A.Quliyev Avropada və ABŞ-da insan hüquq və azadlıqlarını pozan silsilə cinayət hadisələri ilə bağlı da danışıb, buna dair faktlar göstərib.

“Konstitusiya Araşdırmalar” Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, Azərbaycanı korrupsiyada ittiham edən Qərb dövlətlərinin özlərində kifayət qədər korrupsiya faktları mövcuddur: “Buna dair kifayət qədər faktlar göstərmək olar. Beynəlxalq təşkilatlarda da korrupsiya faktlarına rast gəlinir. Onlar qrant ayırırlar, amma bilirlərmi ki, həmin qrantlar necə xərclənir? “Freedom House” təşkilatının vəsaitlərinin 80 faizi ABŞ büdcəsindən ödənilir. Ona görə də həmin dövlətin maraqlarına xidmət edir. Demokratiya və insan haqları ilə bağlı yaydıqları bəyanatlarda da maliyyələşdikləri dövlətin maraqlarını əsas tuturlar. Bütün bunlara diqqət etdikdə görərik ki, onlar Azərbaycana qarşı qərəzlidirlər”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, Azərbaycana qarşı aparılan "qara piar" kampaniyasının arxasında erməni lobbisi dayanır: “Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞ 25 ştatı Azərbaycanla bağlı həqiqətləri qəbul edib, ərazi bütövlüyünü tanıyıb. Bundan narahat olan ermənilər fəaliyyətə keçirlər, lobbiləri vasitəsilə bu "qara piar" kampaniyası həyata keçirirlər. Kimlərsə Azərbaycanda demokratiyanın olmadığını iddia edirlər.Demokratiya heç bir ölkəyə hədiyyə verilməyib, bu, bir prosesdir. Ona görə Azərbaycanda da müəyyən qədər nöqsanlar ola bilər, bu normal haldır. Biz dünyaya tolerantlıq nümunələri təqdim etmişik. Birinci Avropa Oyunları ərəfəsində aparılan "qara piar" kampaniyasının qarşısını almaq üçün cəmiyyəti bu işlərə səfərbər etməliyik. Əmin olun ki, ermənilər nəyəsə nail ola bilməyəcəklər”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu məsələlərdə cəmiyyəti səfər etməyin tərəfdarı olduğunu qeyd edib: “Bu məsələlərdə maraqlarımızı müdafiə etməliyik. Şəxsiyyətimizi, dövlətimizi qorumaq üçün addımlar atırıq. Bura toplaşan insanların da məqsədi odur, müharibə etmirik ki? Üzərlərinə gedə bilmiriksə, özümüzü müdafiə etməliyik”.

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov ABŞ-ı və Qərb dövlətlərini qeyri-səmimilikdə ittiham edib: “Bizim cəmiyyət elə bilirdi ki, Azərbaycana qarşı aparılan kampaniyadan ABŞ rəhbərliyinin, Konqresinin xəbəri yoxdur. Amma yanılmışıq. ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycana qarşı aparılan işlərin başında dayanır. O, 2003-cü ildən bu vəzifədədir, heç bir ciddi nailiyyət əldə etməyib. Bilirsiz, bizə qarşı təzyiqlərin səbəbi müstəqil siyasət yürütməyimizdir. Türkiyə-Ermənistan sərhədləri açılmasına razılaşsaydıq, Qarabağ məsələsində susqunluq nümayiş etdirsəydik, deyəcəkdilər ki, ölkədə heç bir problem yoxdur. Buradan görünür ki, onlar bizə qarşı qərəzlidirlər”.

bottom of page