Avropa oyunları yaxınlaşır Siyəzənin hər tərəfində abadlıq işləri gedir. Yeni tikilən yol “Qalaaltı” sanatoriyasına gediş-gəlişi asanlaşdıracaq. Turistləri cəlb etmək üçün Siyəzəndə 2 novbeli iş prinsipi ilə işlər gedir.
Bu günlərdə artıq davamlı xarakter almış abadlıq işlərinin bir hissəsi kimi Siyəzən şəhərinin Xətai küçəsinin asfaltlanması işlərinə başlanılmışdır. Artıq yolun bir hissəsinə asfalt örtüyü verilmişdir. Qeyd etmək lazımdır ki, şəhərin ən uzun küçələrindən biri olan Xətai küçəsinin asfaltlanmasından tək bu küçənin deyil, eyni zamanda S.Vurgun, A.Zahirov, H.Talıbov, B.Bayramov, O.Qoçəliyev küçələrinin, “Su kəməri” yaşayış massivinin, Böyük Həmyə kəndinin sakinləri də faydalanacaqlar. Ona görə də havaların əlverişli keçməsindən istifadə edən iş icraçıları işə daha çox qüvvə cəlb etməklə tez bir zamanda küçənin tam asfaltlanmasını başa çatdırmaq niyyətindədirlər. Yol kənarlarında isə həmişəyaşıl yolka ağacları əkilir. Bütün ərazilər abadlaşdırılır.
Siyəzən- Məşrif avtomobil yolunun ümumi uzunluğu 21 km-dir. Yol 4 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir. Bundan öncə daş və çınqıldan ibarət olan yol hazırda asfaltlanır. Tikilən yolun artıq 7 km hissəsinə asfalt döşənib. Eni 12 m olan yeni avtomobil yolu bölgədə turizmin daha da inkişaf etməsinə şərait yaradacaq. Çünki Azərbaycanın məşhur “Qalaaltı” sanatoriyasına getmək üçün bu yoldan istifadə ediləcək. Ən çox Qalaaltı və Məşrif kənd sakinləri sevinir ki, kənd yollarına da asvalt döşənir. Əvvəllər çətinliklərlə istifadə edilən yollardan əsər-əlamət qalmayıb.
Siyəzən-Məşrif avtomobil yolunun üzərində rayonun 8 kəndi yerləşir. İnşa işləri zamanı həmin kəndlərə gedən avtomobil yollarına da asvalt döşənib. Yolun çəkilməsinin son yekunlaşma işləri gedir. Siyəzən-Məşrif avtomobil yolunun tikintisi üçün prezident İlham Əliyevin sərəncamına əsasən ilkin olaraq 7 milyon manatı vəsait ayrılıb.