Mayın 8-də saat 19:00-da Nizami Kino Mərkəzində gənc rejissorlar Amil Məmiyevin “Qara bağ”, Ayşad Səfərəliyevin isə “İnikas” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək.
Filmlər C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilib.
“Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra metaforik simvollarla əksini tapacaq.
“İnikas” bədii filmi isə SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn mistik hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən Cavid şəkilləri aşkarlayanda onu nə gözlədiyini hələ bilmir…
Film IV “Qırğızıstan - Qısametrajlı filmlər ölkəsi” Beynəlxalq Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. (AZƏRTAC)