Azərbaycanda Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində gələn qonaqların turist bələdçiləri ilə təminatında heç bir problem yaranmayacaq. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib. Nazirlik rəsmisinin sözlərinə görə, bələdçilərlə işi turizm şirkətləri özləri qururlar, nazirlik bu işə müdaxilə etmir: "Azərbaycanda daxili turizmlə məşğul olan şirkətlər turist bələdçiləri baxımından Avropa Oyunlarına hazırdırlar".
V.Şıxməmmədov qeyd edib ki, Avropa Oyunlarına gələn qonaqlara xidmət göstərmək üçün Bakı şəhərində kifayət qədər bələdçi var.
O, nazirliyin yalnız bu Oyunların keçiriləcəyi müddət üçün deyil, hər zaman turizm şirkətlərinə bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etməyi tövsiyə etdiyini də söyləyib: “Bələdçilər Azərbaycan Turizm və Menecment Universitetindəki bələdçi kurslarında iştirak edərək bələdçi kartları əldə edirlər. İstənilən halda Azərbaycan Turizm və Menecment Universitetinin akkreditasiyasından keçərək kart əldə edən bələdçilərin fəaliyyət göstərməsi bizim üçün prioritetdir. Kartın olması bələdçinin fəaliyyəti üçün artıq bir icazədir. Təbii ki, bütün turizm şirkətlərinə - bunun Oyunlara aidiyyəti yoxdur - bələdçi kartları olan bələdçilərlə əməkdaşlıq etmək tövsiyə olunur”. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov isə Trend-ə bildirib ki, Avropa Oyunlarına peşəkar bələdçilərlə yanaşı, universitetin tələbələri də könüllülər qismində qoşulacaqlar: "Artıq ATMU-nun 500-ə yaxın tələbəsi könüllü kimi qeydiyyatdan keçib. Universitet bütün potensialı ilə bu işə qoşulub. Ötən müddət ərzində kurslarda bacardığımız qədər bələdçi kadrları yetişdirmişik”.