Azərbaycan Xalça Muzeyində Şuşanın işğalının 23- cü ildönümünə həsr edilən “Şuşa Həsrəti” tədbiri keçirilib. Gənc nəsilə Şuşanın tarixini mədəni irsini tanıtmaq məqsədilə təşkil olunan tədbirdə müasir dövrdə qədim ənənələri davam etdirən şuşalı xalq sənətkarların, fiziki məhdudiyyətli məcburi köçkünlərin əl işləri sərgilənib.Uşaqların hazırladığı “Düşmənin əməlləri” ekspozisiyası və işğal olunan ərazilərin məlumat plakatı təqdim olunub. “Şuşa şəhəri işğaldan əvvəl və sonra” filmi nümayiş olunub. Daha sonra uşaqlar üçün intelektual oyunlar keçirilib. Şagirdlər işğal olunan ərazilərin adlarının tapılması müsabiqəsində iştirak edib və “Naxışlar aləminə səyahət” turu keçiblər . Onlara milli geyim və xalça elementləri təsvir olunan rəngləmələr verilib.Balacalar “Öz xalçanı yarat” işində məharətlərini göstərərək kompüter naxışları vasitəsilə xalça kompozisiyaları yaradıblar. Tədbirin “Özün toxu” hissəsində xalça toxunuşu nümayiş oludu. Şagirdlərin ən çox marağına “Face-art” səbəb olub. Vətənə sevgi hissi aşılama məqsədilə şagirdlərin üz və əllərinə xüsusi boyalarla Azərbaycan bayrağının şəkli çəkilib. Tədbirdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin qədim musiqi alətləri və Azərbaycan Xalça Muzeyi Uşaq teatrının vokal ansamblları Qarabağa həsr olunan mahnılar səsləndirib.