top of page

Prezident İlham Əliyev Türkiyə Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edi


02.JPG

Azərbaycan Prezidenti İlham Əliyev mayın 12-də Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan Baş nazirin müavini Əli Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırdı. Əli Babacan qardaş Azərbaycanın G-20-nin toplantılarında Türkiyə ilə bərabər olmasının xüsusi önəm daşıdığını dedi. Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan Əli Babacan yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Türkiyənin G-20-yə rəhbərlik etməsini qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən Prezident İlham Əliyev Azərbaycanın buna çox sevindiyini dedi. Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirdi. Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunun iki ölkə arasında dostluğun və qardaşlığın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu dedi. Prezident İlham Əliyev ölkənin bu mötəbər görüşə hazırlaşdığını və bununla bağlı bu gün Bakıda xüsusi toplantının keçirilməsinin önəmini də vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunmasının və mərasimlərdə dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının iştirak etməsinin əhəmiyyətini məmnunluqla qeyd etdi.

Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olundu.

bottom of page