top of page

Palmira bombalandı - FOTO


İŞİD-in ələ keçirdiyi Palmira bombalandı.

Suriya hərbi təyyarələri İŞİD terror təşkilatının nəzarətində olan bölgəyə hava hücumu edib. Palmira şəhərinə təşkil olunan hücumda 50-dən çox İŞİD üzvü öldürülüb. Suriya İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, əməliyyat zamanı terrorçularla yanaşı, 4 mülkü vətəndaş da dünyasını dəyişib.

Amerika Birləşmiş Ştatlarının İŞİD qruplaşmasına qarşı döyüş strategiyası tənqid hədəfindədir. Həm ölkə daxilində, həm də xaricdən mübarizə strategiyasında boşluqların olduğuna dair çoxsaylı fikirlər səsləndirilir. ABŞ Senatı tərkibində Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn hökumətin İŞİD-ə qarşı xaotik şəkildə mübarizə apardığını deyib. “Strategiya yoxdur. Kimsə bunun əksini iddia edirsə, onu dinləməyə hazıram. Hazırda İŞİD-in Palmira şəhərində dəhşətli zorakılıqlar törətdiyini eşidirik. Onlar insanları edam edir, meyitlərini küçələrdə atırlar. Prezident isə ən böyük düşmənin iqlim dəyişikliyi olduğunu deyir” deyə Con Makkeyn bildirib. Amerika hökumətinin İŞİD-ə qarşı mübarizəsi İranın da tənqid hədəfinə tuş gəlib. İran hərbi qüvvələrinin komandiri general mayor Qəssəm Süleymani bildirib ki, anti-İŞİD koalisiyası mücahidlərə qarşı mübarizədə uğurlu nəticə göstərmir. Onun sözlərinə görə, İŞİD-ə qarşı real döyüş meydanında mübarizə aparan təkcə İrandır.

Amerika hərbi qüvvələri həftə sonundan etibarən İraq və Suriyada İŞİD silahlılarının 40-a yaxın mövqeyini bombalayıb. Lakin aviazərbələrin təsirliliyi sual altındadır. Bir qədər əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter isə İŞİD-ə qarşı mübarizədə İraq hərbi qüvvələrinin iradəsizlik göstərdiyini demiş, rəsmi Bağdadın bu mövqeyini tənqid etmişdi.

Bu arada, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Rusiya prezidenti Vladimir Putin Suriya böhranının həlli üzrə danışıqların bərpasına razılaşıblar. Məlumatı Kemeronun ofisi yayıb. Rusiya prezidenti Kemerona zəng edərək onu yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib. Tərəflər Suriya danışıqlarının bərpasına razılaşıblar. Əvvəlki danışıqlar böhranı həll edə bilməyib. İslam Dövləti yaraqlıları İraq və Suriyada böyük ərazilər ələ keçiriblər. Suriyada 4 illik vətəndaş müharibəsində 220 min nəfər həlak olub. “Hər iki ölkə İŞİD-in irəliləməsini önləmək istəyir” deyə Kemeronun sözçüsü deyib. O bildirib ki, liderlər razılığa gəliblər ki, təhlükəsizlik müşavirləri danışıqları bərpa etmək üçün görüşsünlər.

bottom of page