Dünyanın ən məşhur elektronika məhsullar brendi olan "Samsung" Ermənistanı tərk edir. Əvəzində Azərbaycanı seçir.
Bu barədə "Aravot" qəzetinə "Samsung"un Ermənistandakı rəsmi nümayəndəliyinin sabiq rəhbəri Andranik Şahbazyan bildirib.
Onun sözlərinə görə, 2014-cü ilin sonlarına qədər hər şey yaxşı idi. "Samsung" rəhbərliyi Qafqazdakı müstəqil bölmənin yaradılması və ofisinin Bakıda yerləşdirilməsi qərarına gəldi. Bu bölmə MDB-dəki böyük nümayəndəliyin tərkib hissəsi olmalıdır.
Şahbazyan deyir ki, şirkətin Ermənistan bölməsi işğal olunmuş Dağlıq Qarabağ ərazisində "Samsung" məhsulları satan bir firmaya yardım edib. Firmanın mağazalarının üzərində "Samsung" yazısı da olub. Bakı nümayəndəliyinin rəhbərliyi tələb edib ki, həmin yazı mağazanın üzərindən yığışdırılmalıdır.
Şahbazyan "Samsung" şirkətinin ölkəsindən çıxmasına görə Azərbaycanı günahlandırır. O hesab edir ki, Qafqaz nümayəndəliyinin rəhbəri azərbaycanlı əməkdaşların lobbiçiliyinin təsiri altına düşüb.
Nə qədər sadə görünsə də, bu əslində Ermənistan iqtisadiyyatının Azərbaycan iqtisadiyyatı qarşısında məğlubiyyətinin göstəricisidir. Cənab Şahbazyan ölkəsinin Azərbaycan qarşısında iqtisadi məğlubiyyətində "Samsung"un azərbaycanlı əməkdaşlarını günahlandırmaqdansa, son 24 ildə ölkəsinin apardığı işğalçılıq siyasətinə bir qədər göz gəzdirsəydi, daha ədalətli olardı.
"Samsung"un Ermənistanı tərk edərək Qafqazda özək kimi Azərbaycanı seçməsi təsadüfi deyil. Ölkəmiz dünya miqyaslı şirkət üçün Ermənistandan daha cazibədar görünürsə, bəli, bunun "günahkarları" bizik. Çünki biz qonşuluqdakı heç bir ölkəyə ərazi iddiaları irəli sürməmişik. Müstəqilliyimiz ərzində bütün qonşularımız ilə normal münasibət qura bilmişik. Rusiyanın Dağıstan, Çeçenistan və digər Şimali Qafqaz bölgələrinin insanları alış-veriş üçün Ermənistana deyil, Azərbaycana gəlirlər. İran, Gürcüstan və Türkiyə ilə də günü-gündən inkişaf edən iqtisadi əlaqələrimiz var. Bundan başqa, Bakı Orta Asiya bölgəsinə də dəniz vasitəsi ilə çıxış üçün mükəmməl imkanlar yaradır.
Bütün sadalananlarla yanaşı, Azərbaycanın özünün iqtisadi potensialı imkan verir ki, dünya miqyaslı şirkətlər burada mənzil qursunlar. "Samsung"un Azərbaycandakı rəsmi satış təmsilçisi olan şirkətin marketinq meneceri Arzu Mustafayeva deyir ki, son iki ildə ölkə ərazisində istifadə edilən smartfon və planşetlərin 40%-i "Samsung" məhsullarının payına düşür. Sonrakı yerlər isə digər brendlərdir. Statistika göstərir ki, ölkəmizdə satılmış məişət texnikasının da 40-50%-i "Samsung" məhsullarıdır.
Görünən odur ki, "Samsung" şirkətinin rəhbərliyi Ermənistanın məkrli oyunlarına getmək istəməyib. Şirkət çökməkdə olan Ermənistandansa, Azərbaycanda iş görməyi daha üstün tutub.(milli.az)