“Krediti qaytarmasam, bank mənə nə edə bilər?” - tez-tez verilən suallardan biridir.
Qabaqcadan deyim ki, vicdanlı insan aldığını (faizləri yox, əsas məbləği) geri qaytarmalıdır. Əmanətə xəyanət etmək olmaz! Buna görə də deyəcəklərim krediti qaytarmaq istəməyənlərə deyil, qaytara bilməyənlərə aiddir. Həmçinin o kəslərə aiddir ki, kredit yalnız rəsmi olaraq adlarına rəsmiləşdirilib, əslində isə ondan başqa şəxslər istifadə edib (hər bir halda bundan sonra sizə aid olmayan sənədlərə imza etməyin!).
Əvvəla, bilin ki, krediti qaytarmamağa görə sizi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər. Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir.
Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər.
Deməli, əmlakınız yoxdursa, kreditin qaytarılması qeyri-mümkündür. Məsələn, adınıza “kupça”lı (sərəncam əsasında yox) daşınmaz əmlak və ya “texpasport”lu (“doverennost”lu yox) avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınar əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Banklar heç buna girişmir də adətən.
Adınıza qeyd edilən əmlak olsa belə, bilin ki, orta səviyyəli hüquqşünas vasitəsilə məhkəmə və icra proseslərini azı 3 il uzada bilərsiz. Yəni bank azı 3 il çarpışmalıdır ki, həmin əmlakı əlinizdən alsın. Həm də ki alıb nə edəcək? Satıb pulunu götürməlidir (satanda elə siz və yaxın adamınız ala bilərsiz). Banka bu sərf etmir. Ona görə də niyyətinizi bilsə, sizə güzəşt edəcək.
Kredit aylıq gəlirinizdən tutula bilərmi? Əgər gəliriniz rəsmidirsə, bəli. Belə ki, əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu da o deməkdir ki, məsələn, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq.
Ona görə də heç nədən qorxmayın. Əvvəllər dediyim ki, krediti alandan sonra siz ağasız, bank qul, siz atdasız, bank piyada. Öz şərtlərinizi diktə edin.
Hər şeydən əvvəl isə özünüzün və ailə üzvlərinizin sağlamlığını, əsəblərini qoruyun. İmkan verməyin ki, bank işçiləri sizi daim narahat etsin. Sözünüzü deyin və tələb edin ki, sizi narahat etməsinlər. Onların sizi və ailənizi bezdirməyə haqqı yoxdur. Riayət etməsələr, polisə müraciət edin.
Təəssüf ki, bizdə vətəndaşların müflisliyi haqda qanunvericilik yoxdur. Bir çox ölkədə belə qanunvericilik var. Məsələ qaldırmaq lazımdır ki, bizdə də olsun. Bu qanunvericiliyin mahiyyəti ondan ibarətdir ki, krediti qaytara bilməyən şəxs məhkəməyə müraciət edib özünü müflis elan etdirir, bundan sonra ondan heç kəs heç nə tələb edə bilməz.
Sonda bir məsləhət də verim. Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi Qaydaları”na əsasən bank borclunun gəlirlərini təsdiq edən sənəd əsasında kredit verməlidir. Yəni həmin sənəd əsasında yoxlamalıdır ki, kredit qaytarıla bilər, yoxsa yox. Hamı bilir ki, bizim banklar bu məsələyə formal yanaşır. Aylıq rəsmi gəliri cüzi olan şəxsə iri məbləğli kreditlər verirlər. Buna görə də məhkəmə prosesləri zamanı sual verin: bank kreditin qaytarılma ehtimalının aşağı olduğu halda krediti niyə verib?
Məlumdur ki, İsveçrə banklar ölkəsidir. Amma bu o demək deyil ki, İsveçrə qanunları həmişə bankların tərəfindədir. Əsla! Məsələn, orada belə qanun var: bank krediti verərkən borclunun onu qaytara bilməyəcəyi açıq-aşkardırsa, borclu krediti qaytarmaya bilər.
Əlbəttə, biz İsveçrə deyilik. Belə qanunumuz yoxdur. Amma İsveçrədəki kimi banklarımız da yoxdur axı. Mən hətta deyərdim ki, ümumiyyətlə normal banklarımız yoxdur. Buna görə də onlardan qorxmayın.