top of page

Dənizə həsrət qalan Bakı sakinləri - FOTOLAR


Astma xəstəliyindən əziyyət çəkən paytaxt sakini Cavid Babayev müalicəsi üçün lazım olan dəniz havasına həsrət qalıb.

Qaradağ rayonunda yaşayan 70 yaşlı Cavid dayı dənizə yaxın yerdə qalmasına baxmayaraq, dəniz sahilinə gedə bilmir.

Cavid Babayev şikayət edərək bildirib ki, onu dəniz kənarına ərazidə olan obyekt sahibləri əraziyə buraxmırlar.

“Həkim tapşırıb ki, yay-qış dəniz havası qəbul etməlisən. Lakin Qaradağ ərazisində sahil boyu obyektlər tikilib. Onların əlindən dəniz kənarına getmək mümkün deyil”, - deyə Cavid dayı şikayətlənib. Bu təkcə Cavid Babayevin deyil, bir çox paytaxt sakininin problemidir. Məsələni araşdırmaq üçün ilk öncə Qaradağ və Səbail rayonu ərazisindəki dəniz sahilinə baş çəkilib. Həqiqətən də, yolboyu çəkilən hündür hasarlar Xəzər dənizini görünməz edirdi. Ərazidəki villa və obyektlərin hasarlarının yanından dəniz kənarına getməyə yol belə qoyulmamışdı. Səbail qəsəbəsindəki Şıx çimərliyində isə vəziyyət daha da acınacaqlıdır çünki sadə vətəndaşlarin Şıx çimərliyinə girişi mümkünsüz idi. Şıx çimərliyini zəbt edən obyekt sahibləri işlətdikləri istirahət mərkəzlərinə giriş bağlayıblar. İstirahət mərkəzlərindən birinə daxil olmaq istədikdə isə qapıda iri mühavizəçi ilə qarşılaşılıb. İnsan ilk baxışdan çimərlik ərazisinə deyil, müharibə zonasına, sərhəd kənarına gəldiyini düşünərdi. Çünki müxbiri qarşılayan mühafizəçinin bircə silahı çatmırdı. Özlərini toplayıb, birtəhər çimərlik ərazisində gəzmək istədiklərini bildiriblər. Mühafizəçi isə onları içəri buraxmadı. Bildirdi ki, Xəzər dənizinin bu ərazisi onlara məxsusdur. Baş verənlər birbaşa Azərbaycan Konstitutsiyasına ziddir. Ekspertlər hesab edirlər ki, baş verənlər Azərbaycan vətəndaşalrının ölkə ərazisindən sərbəst şəkildə istifadə etmək, ümumişlək ərazilərdə sərbəst gəzmək və sərbəst şəkildə istirahət etmək hüquqlarını pozur.

Hüquqşunas Rüstəm Mirzəyevin verdiyi məlumata görə, çimərliklərin istirahət obyektləri və villla sahibləri tərəfindən zəbt edilməsi birbaşa Azərbaycan qanunlarına hörmətsizlikdir. “Həmin sahibkarlar həm ölkə qanunlarını, həm ölkə rəhbərini, həm də vətəndaşları saymırlar. İnsanların Xəzər dənizini rahat şəkildə görmələrinin qarşısını almaq bəs deyilmiş kimi hətta ora getməyə mane olmaq özbaşınalıqdır”, - deyə hüquqşunas bildirib. Millət vəkilləri də hesab edirlər ki, yaranmış vəziyyət ölkə vətəndaşlarının hüquqlarını birbaşa pozur.

Bununla bağlı Parlamentin üzvü, xalq artisti Zeynəb Xanlarova məsələyə elə Milli Məclisin iclasında münasibət bildirmişdi. Zeynəb Xanlarova ötən ilin fevral ayının 25-də keçirilən iclasda bildirmişdi ki, problem dərhal həll edilməlidir. “Azərbaycan qanunu bununla bağlı konkret məsafələr müəyyənləşdirib. Lakin əksər yerlərdə bu normativlər pozulub.

Gəlin nümunə üçün qardaş ölkə olan Türkiyəyə baxaq.

Qara dəniz hövzəsi boyunca müxtəlif hotel və istirahət zonaları az qala dəniz suyunun içərisində tikilib. Hər kəs də onların xidmətindən geniş istifadə edə bilir. Ona görə də, sekteral bölgü olmalıdır. Əgər belə olsaydı, heç kəs dənizdən geniş istifadədən məhrum olmazdı”, - deyə Zahid Oruc bildirib. Millət vəkili onu da vurğulayıb ki, qanunla Azərbaycan vətəndaşı heç bir haqq ödəmədən dənizin havasından, suyundan, qumundan və s-dən istifadə etmək hüququna malikdir: “Zaman gələcək ki, belə obyektlər söküləcək. Fərqi yoxdur ki, həmin sahibkarların əlində sənədləri var, ya yoxdur. Bütün tikililər söküləcək. Onlar bunun mənbəyində qanunsuzluq törədiblər”. Qeyd edək ki, Azərbaycan Konstitutsiyasının 28-ci maddəsinin III bəndi və 37-ci maddənin I bəndində də ölkə vətəndaşlarının hərəkəti, o cümlədən istirahəti sərbəst şəkildə tənzimlənməlidir. Bundan başqa, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev də 2003-cü ildə problemin kökündən həll edilməsi üçün xüsusi sərəncam imzalamışdı. 2003-cü il yanvarın 13-də Heydər Əliyev Xəzər sahilində şəxsi evlərin və qurğuların tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” imzaladığı sərəncamla problemə münasibət bildirilmişdi. Həmin sənəddə deyilirdi ki, sərəncam son vaxtlar vətəndaşların Prezidentin İcra Aparatına daxil olan çoxsaylı müraciətlərilə bağlı qəbul edilib. Həmin müraciətlərdə göstərilir ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib. Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb. Mərhum dövlət başçısı Heydər Əliyevin sözügedən sərəncamı ilə Nazirlər Kabineti, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra başçılarına tapşırılıb ki, Xəzər dənizi sahilinin zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında huquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınması təmin edilməlidir. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun da xüsusi sərəncamı var. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov məlumat verib: “Bakı şəhər icra hakiminin bununla bağlı xüsusi sərəncamı var. Sərəncama uyğun olaraq, Bakı şəhərində yaşayan nə qədər insan varsa, hamısının dənizdən pulsuz istifadə etmək hüququ var. Heç kim bunun qarşısında bir kəlmə söz deyə bilməz. Bu sərəncama hörmət etmək hər bir sahibkarın borcudur. Əgər kimlərsə buna əməl etmirlərsə, onlar vətəndaşların hüquqlarını tapdalayırlar. Onlar vətəndaşların hüquqlarını pozurlar. Bunun bircə adı var, ölkə qanunlarına hörmət etməmək! Həmin sahibkarlar bilməlidirlər ki, belə əməlləri cəzasız qalmayacaq. Onların əməllərinə qarşı dövlət tədbirlər görəcək. Xüsusən də çimərlik mövsümündə vətəndaşlar bütün çimərliklər ərazisinə girməyi sərbəstdir”. Bakı meriyasının rəsmisi Cavid Babayevin şikayətini də qəbul etdi və həmin məsələ ilə bağlı mütləq araşdırma aparılacağını vurğuladı: “Həmin şikayət araşdırılacaq və həmin sahibkarlara qarşı tədbirlər görüləcək. Görüləcək tədbirlər barədə məlumatlar veriləcək”. Ümid edirik ki, mövcud problem tezliklə həll ediləcək və bu yay vətəndaşlar rahat şəkildə dənizdən yararlana biləcəklər. Biz isə öz növbəmizdə bu məsələyə bir daha qayıdacağıq.(anspress)

bottom of page