Bu gün saat 10:30-dan etibarən Bakıda bəzi yollar bağlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinn rəhbəri Vaqif Əsədovun verdiyi məlumata görə, ərazisində I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi ilə əlaqədar sabah saat 10:30-dan etibarən tədbir tam başa çatanadək bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Paytaxtın Neftçilər prospekti boyu hotellərdəki qonaqların Heydər Əliyev Mərkəzinə doğru hərəkətinin müşayiəti və görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionuna doğru nəqliyyat vasitələrinin istiqaməti dəyişdiriləcək. “Azneft” dairəsindən Niyazi küçəsi, İstiqlaliyyət, Lermontov, Mehdi Hüseyn küçələri və Parlament prospektinə, eləcə də “Cavanşir” körpüsündən Üzeyir Hacıbəyov küçəsi ilə “Azadlıq” meydanı, Zərifə Əliyeva və Rəsul Rza küçələrində nəqliyyatın hərəkəti üçün bağlanacaq. Paytaxtın cənub girişindən gələnlər Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Badamdar qəsəbəsi və “20 Yanvar” dairəsi istiqamətində hərəkət etməlidirlər. Bundan başqa, “20-ci sahə” dairəsindən və Bayıl qəsəbəsindən Neftçilər prospekti istiqamətinə deyil, dağüstü yolla Badamdar qəsəbəsi və Mətbuat prospekti istiqamətinə hərəkət edə bilərlər. Vaqif Əsədov bildirib ki, ümumiyyətlə, Ziya Bünyadov prospekti və ona kəsişən bütün yollarda hərəkətin rahat və fasiləsizliyi tam təmin ediləcək. Vaqif Əsədov sabah Dənizkənarı Milli Parkda keçiriləcək dövlət tədbirinə gələn qonaqlara şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edib.