PRESS NEWS AZERBAIJAN

Bakı 2015 Alovu Ağsuda

30.05.2015

 

Bakı 2015 Alovu Böyük Qafqazın ətəklərində yerləşən Ağsuya bu gün, mayın 29-da çatdı.

Ərazisi 1020 km2, əhalisi 70 min nəfər olan Ağsu rayonuna Məşəl karvanının səyahəti Seyrangah parkından başlandı. Burada şəkillər çəkdirildi, videoxronika üçün zəngin material toplandı.

 

2,04 km davam edən yürüş isə şəhər girişində, Heydər Əliyev prospektindən başlandı. Fəal gənc Elnur Fərzəlizadənin başladığı estafetdə Cavid Sabirov, Altun Şeydayev, Elnur Mahmudov, Vüsal Mustafayev, Şahinbəy Həsənbəyli, Elnur Nəsirov və Tamerlan Abışov iştirak etdilər. Elşən Mustafayevin Üzeyir Hacıbəyov küçəsi ilə davam etdirdiyi yürüşün son iştirakçısı Cəmil Atakişiyev məşəllə Heydər Əliyev parkında qurulmuş səhnəyə qalxaraq çırağı alovlandırdı.

 

Bütün məşəlçilər səhnədə alqışlandıqdan sonra, Atəşgah məbədində ilk məşəlin alovlandırılması, ardınca Bakı 2015-in təbliğat videoçarxları göstərildi. Aparıcı Bakı 2015 və məşəl estafeti ilə bağlı məlumat verdi. 11-ci sinif şagirdi Dilarə Sultanova Bakı 2015-in şəhərə hədiyyəsi olan çırağı rayon ictimaiyyətinə təqdim etdi. Təntənəli mərasim səmaya şarların və göyərçinlərin buraxılması ilə başa çatdı.

 

Məşəl estafetin iştirakçısı Elnur Fərzəlizadə ürək sözlərini dilə gətirdi: “Sevincimin həddı-hüdudu yoxdur. Cənab prezident İlham Əliyevin müqəddəs Atəşgahda alovlandırdığı məşəl ölkəmizi qarış-qarış gəzərək, bu gün rayonumuza gəlib və mən də tarixdə xüsusi yer alacaq bu böyük hadisənin iştirakçısıyam. Ağsu camaatı üçün də bu xüsusi gündür: ətrafa nəzər salsaq, yalnız böyük hərarətli baxışlar, sevinc və təbəssümlü simalar görərik.

 

İdmançılarımızın Bakı 2015-də uğur qazanacağına inanıram. Bayram ovqatı bizim üçün burada başa çatmır, onun davamı kimi, idmançılarımıza paytaxtda – idman arenalarında yaxından dəstək verəcəyik”.

 

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər flame.baku2015.com linkinə daxil ola bilərlər.

 

Alov səyahəti marşrutuna sabah, mayın 30-da Qobustan və Şamaxı rayonları da daxil olacaq.