top of page

“Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabın təqdimat olub


03.jpg

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin “Mətbuat Tarixi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabının təqdimat mərasimi keçirilib. Pressnews.az-ın məlumatına görə, tədbirdə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, universitetin jurnalistika fakültəsinin “Mətbuat Tarixi” kafedrasının rəhbəri Cahangir Məmmədli, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov kitabın Azərbaycan mətbuat tarixində oynadığı rolundan danışıb: “Qərənfil Dünyaminqızının ilk yazısı 10 yaşında pioner jurnalında çap edilib. Cümhuriyyət dövrünün Azərbaycan mətbuatı haqqında 2 cildlik kitabı çap olunub. Bu isə onun növbəti kitabıdır. “Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabda 45 məqalə çap olunub. Məqalələrin əksəriyyəti Kaspi qəzetində işıq üzü görüb. Kitabda Azərbaycan jurnalistikasına yeni elmi baxış əks olunub. Toplanılan məqalələrdə Azərbaycan mətbuatına kənardan baxış mövcuddur. Azərbaycan xalqının milli özünüdərkinin formalaşması istiqamətində görülən işlər məqalələrdə yer alır. Azərbaycan qadınına sevgi dolu münasibət öz əksini tapır”.

Daha sora Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının diplomunu Qərənfil Dünyaminqızına təqdim edib.

Çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva “Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabda Azərbaycanın Cümhuriyyət dönəmində mətbuatın keçdiyi keşməkeşli yollardan bəhs edildiyini ifadə edib. Kitabın tarixi araşdırma baxımından önəmini vurğulayıb: “Məzmunlu bir kitabın işığına toplaşmışıq. Qərənfil xanım tədqiqatçı və araşdırmaçıdır. Kitabda böyük tarixlə birlikdə, böyük sevgi ortaya qoyulub. Cümhuriyyət dönəmindəki önəmli hadisələr kitabda yer alıb. Əsərdə millətə, xalqa olan sevgi ortaya qoyulub. Kitabı oxumağı tövsiyə edirəm. Tarixi araşdırma baxımından kitabın önəmi çox böyükdür”.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov mətbuatın 140-cı ildönümünə hazırlaşan Azərbaycan jurnalistikasından söhbət açıb: “Mətbuatımızın tarixi qədimdir. Azərbaycan mətbuatı Prezidentin Sərəncamı ilə 140-cı ildönümünü qeyd etməyə hazırlaşır. “Əkinçi” adı ilə başlayan mətbuat tariximiz, bu gün öz inkişafını göstərməkdədir. Adının “Əkinçi” olmağına baxmayaraq qəzetdə əhəmiyyətli məqalələr yer alıb. Universitetdə mətbuat tarixi kafedrasının əhəmiyyəti böyükdür. Əhmədbəy Ağaoğlu, Firudin Bəy Köçərli, Nəsibbəy Yusifbəyli kimi təəssübkeşlərin həyatı geniş araşdırılmalıdır. Klassiklərimizi çox öyrənməliyik. Bu gün Azərbaycan inkişaf edir. Dostlarımızla birlikdə düşmənlərimizin də sayı artır. Xaricdən qrant alan bəzi jurnalistlər dövlətimizin əleyhinə təbliğat aparır. Azərbaycan bugünkü kimi şanslı olmayıb. Ona görə də jurnalistlərimiz bu şansı dəyərləndirməlidir”.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin “Mətbuat Tarixi” kafedrasının rəhbəri Cahangir Məmmədli milli mətbuat tariximizdən söhbət açıb. Klassik jurnalistikanın yaşadılmasında və mətbuatın ideologiyada rolundan danışıb.

Sonda mətbuat nümayəndələri kitabın əhəmiyyəti haqqında fikirlərini bölüşüb, mətbuat tarixinin önəmli rolunu vurğulayıblar. Müəllif Qərənfil Dünyaminqızı isə dəstəyə görə, Bakı Dövlət Universiteti, “Kaspi” qəzeti və Mətbuat Şurasının rəhbərliyinə təşəkkürünü bildirib.

bottom of page