top of page

“Azərbaycanın ortaya qoyduğu nümunənin Qərbinkindən heç bir fərqi yoxdur”


03.jpg

Bu gün Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun tanınmış KİV rəhbərləri ilə görüşü keçirilib.

Əli Həsənov bir neçə gün sonra Birinci Avropa Oyunlarının başlayacağını xatırladıb. Ə. Həsənov həmçinin, bu kampaniyanı peşəkar səviyyədə işıqlandırdığına görə media rəhbərlərinə təşəkkür edib.

PA rəsmisi qeyd edib ki, I Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq mühüm hadisədir: “Kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, bu münasibətlər gəldi-gedərdir. Lakin qeyd edim ki, necə ki, biz BMT Təhlükəsizlik Şurasına seçildik, eləcə də ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir”.

Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan mətbuatının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamın verdiyini deyən Ə. Həsənov bildirib ki, sərəncamda Tədbirlər Planının hazırlanması nəzərdə tutulub: “Bu Tədbirlər Planını KİV rəhbərləri ilə müzakirə etməyi zəruri saydıq”.

Ə. Həsənov deyib ki, görüşün nəticəsi olaraq Tədbirlər Planı ilə bağlı tövsiyələr Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim edəcəyik və Tədbirlər Planı təsdiq olunacaq.

Əli Həsənov həmçinin, deyib ki, I Avropa Oyunları Azərbaycanın böyük uğurudur: “Bəziləri heç Azərbaycanı Avropa dövləti kimi tanımaq istəmir. İslamafobiya xəstəliyinə tutulan bəzi avropalılar müsəlman dövlətinin yüksəlişinə ciddi bir faciə kimi baxırlar, müsəlman xalqlarının dinamik inkişafından ciddi əndişə keçirirlər. Biz belələrinə qarşı nümunə göstərməliyik ki, Azərbaycan kimi müsəlman dövlətləri heç də sizin ən nümunəvi, digər dinlərə sitayiş edən dövlətlərinizdən geri qalmır. Azərbaycanın ortaya qoyduğu nümunə ilə qərbin ortaya qoyduğu nümunənin heç bir fərqi yoxdur”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mətbuatın 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamda mətbuatımızın 140 illiyinə baxış var, mətbuatın indiki və gələcək durumu, demokratik proseslərdə rolu önə çəkilir: “Bu, mətbuatımıza çox böyük qayğıdır, dövlət başçısına təşəkkürümü bildirirəm. Mətbuatın 130, 135 illiyi və 140 illiyi ilə bağlı verilən sərəncamlar mətbuatın bayramına çevrilir. Mətbuatımızın 130 illiyi ilə bağlı sərəncamla “Əməkdar jurnalist” və digər fəxri adlar bərpa olundu”.

Ə. Amaşov vurğulayıb ki, Mətbuat Şurasına fəxri ad almaqla bağlı son günlər 30 ərizə daxil olub, bu, son günə qədər 1000-ə çatacaq: “Ancaq biz bilmirik ki, hansı parametrlərlə o jurnalistləri seçməliyik. Elə jurnalistlər var ki, 40-50 il çalışmış jurnalistlərdir, ancaq nədənsə çəkinirlər, müraciət etmirlər. Eləcə də müxtəlif qurumların mətbuat xidmətlərində çalışanlar var”.

Ə. Amaşov həmçinin, Avropa Oyunlarına qarşı çıxanlarla mübarizəyə səfərbər olduqlarını qeyd edib: “Azərbaycan jurnalistikası Birinci Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərəcəklər. Medianın bu Oyunlarını işıqlandırılması üçün böyük vəsait ayrılıb. Digər tərəfdən, bu sahədə agentliklərdə, saytlarda problemlər yoxdur. Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Ancaq sosial şəbəkədə “Milli Paz” profil açılıb, Vahid Mustafayevin, mənim, Arif Alışanovun, Bəxtiyar Sadıxovun və digərlərinin adları var, bizi ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb. Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanılmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz. Görüşümüzün nəticəsi kimi belə məqamları da ölkə rəhbərliyinə çatdırmalıyıq”.

Ə. Həsənov daha sonra qeyd edib ki, Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil: “Belə hallara fikir verməyin. Bunların mərkəzi Qərbdir. Bir şeyi soruşum, Qərb dövlətlərində onların liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Belə hala rast gəlsəniz, ona mətbuat azadlığı sahəsində Azərbaycanın ən ali mükafatının verilməsini təklif edərəm. Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan “Guardian” qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda prezident və ailəsi haqqında yazmaq hansısa media orqanına qadağan olunub, nə baş verərdi, necə qiymətləndirərdilər? BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq. Sosial şəbəkələrdə təhqiramiz hallara yol verənlər öz mahiyyətlərini ortaya qoyur, fikir verməyin”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi ilə bağlı Zərdab rayonundan başlayacağını nəzərə çatdırıb. O qeyd edib ki, birinci Avropa Oyunları ilə bağlı Milli Olimpiya Komitəsi ilə birgə jurnalist müsabiqəsinin keçirilib və nəticələri yaxın zamanda ictimaiyyətə bildiriləcək. V. Səfərli Azərbaycanda mətbuata dəstək istiqamətində görülən işlərdən, Fond tərəfindən qəzetlərə ayrılan yardımlardan söz açıb. O, bundan sonra da bu istiqamətdə yardımların davam etdiriləcəyini söyləyib.

Daha sonra isə Ə. Həsənov bildirib ki, yubiley tədbirlərinin hansı rayonda başlamasından asılı olmayaraq, tədbirlərin keçiriləcəyi bölgələr müəyyənləşdirilməlidir: “Vaxt məsələsini də nəzərə alaraq, rayonlar yox, tədbirlərin keçiriləcəyi bölgələr müəyyənləşdirməlidir. Jurnalistlərin mükafatlandırılması məsələsi də kifayət qədər mürəkkəbdir. Biz siyahını dövlət başçısına təqdim edəcəyik, son qərarı dövlət başçısı verəcək. Ancaq təklifləri sizdən gözləyəcəyik. O orden və medallarla bağlı standartlar var. Ən azı 10 il səmərəli fəaliyyət göstərməlidir ki, Tərəqqi medalı verilsin. Jurnalistlərə ev verilərkən də layiqli olanları seçməyə çalışdıq. Redaksiyalara da müəyyən səlahiyyətlər verməliyik ki, mükafatlandırma ilə bağlı təkliflərini versinlər. Dövlət başçısı mütəmadi olaraq xidmətlərinə görə jurnalistləri mükafatlandırır, ancaq yubileylər dövründə bu siyahı geniş olur. Biz bölgələrdə tədbirlərin keçirilməsini, Bakı Dövlət Universitetində elmi-praktiki konfrans keçirilməsi nəzərdə tutmuşuq. Mediada mətbuatın inkişafı ilə bağlı müəyyən yazılar da yazıla bilər. Jurnalistika tarix yox, səlnamə yaradır. Ona görə də təkliflərinizi verin”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Tbilisi və İstanbulda keçirilməsini təklif edib. Ə. Həsənov təklifin müsbət olduğunu söyləyib: “Bu təklif qəbul oluna bilər. İlk mətbuat nümunələrimiz Tbilisidə nəşr olunub, İstanbulda mühacir ədəbiyyatımız nəşr olunub. Bu təkliflər imkan daxilində nəzərə alına bilər”.

Ə. Həsənov Azərbaycanda televiziyanın Türkiyədən əvvəl yarandığını xatırladıb: “Biz dünyaya çatdırmalıyıq ki, 140 il əvvəl ilk mediamızı yaratmışıq, Şərqdə ilk demokratik cümhuriyyəti qurmuşuq. Bizə demokratiya dərsi vermək istəyənlər arasında bizdən sonra qadınlara seçki hüququ vermiş ölkələr var. Onlara göstərməliyik ki, biz onların təqdim etməyə çalışdığı kimi geridə qalmamışıq. Xalqımızın müasir dünyada yerini çatdırmağa çalışmalyıq”.

Tədbirdə Mətbuat Muzeyi yaradılması təklif edilib. Ə. Həsənov milli mətbuatımızla bağlı görülən işlərdən danışıb: “Milli mətbuat nümunələrimizin qalıqlarını toplayıb, elektron və digər mətbuat orqanlarda işıqlandırılması da yaxşı olardı”.

AZADİNFORM

bottom of page