Abşeronda törədilən dəhşətli qətl hadisəsini törətməkdə təqsirli bilinən Saray qəsəbə sakini, 1980-ci il təvəllüdlü Fədai Güloğlan oğlu Hüseynov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, qətlin tamah məqsədilə törədildiyi versiyası təsdiqini tapıb. Bunu saxlanılan Fədai Hüseynov öz izahatında bildirib. Lakin yazılan ifadənin təfsilatı barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, iyunun 7-də axşam saat 21:00 radələrində Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın yaşadığı evə daxil olan Hüseynov onu və həyat yoldaşı Vəfadar Həsənovu vəhşicəsinə qətlə yetirib. Daha sonra Fədai Hüseynov polisə gələrək könüllü təslim olub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.