Türkiyə siyasəti yenidən gərginlik içinə girdi. İyunun 7-də keçirilən parlament seçkiləri elə bir nəticələrlə sona çatdı ki, 13 ildir ki, təkbaşına Türkiyədə hökümət formalaşdıran, özünü olduqca arxayın və rahat aparan, həttda Osmanlı İmperiyasındakı sultanlar kimi siyasi davranış sərgiləyən AKP lideri və hazırkı Prezident Rəcəb Tayyip Ərdoğan, əsl seçki fiaskosu ilə üz-üzə qaldı. Bütün AKP və siyasi elita üçün ən böyük sual indi budur: Niyə türk xalqı bu dəfə AKP-yə və ən əsası R.Ərdoğana bu şəkildə etiraz edib etimadsızlıq göstərdi?.
Heç şübhəsiz ki, AKP R.Ərdoğanın həddindən artıq siyasi arxayınçılığının güdazına getdi. Hazırkı Türkiyə Prezidenti elə bir siyasi mənzərə nümayiş etdirdi ki, sanki bir daha heç kim onun hakimiyyətinə qarşı real güc kimi ortaya çıxmayacaq, seçkilərdə bütün zamanlarda höküməti təkbaşına formalaşdırmaq hər zaman onun haqqıdır, siyasi müxalifət seçkilərdə ən yaxşı halda onun üçün vızıldayan milcək funksiyasını yerinə yetirəcək. Amma nə oldu?,- türk xalqı onun bu istəklərinə rədd cavabı verdi. Xüsusi ilə Türkiyəni respublika üsul-idarəsinə keçirmək və təkbaşına hakimiyyət olmaq istəyi, Türkiyə cəmiyyətinin etimadsızlığı ilə qarşılaşdı.
Digər bir yandan R.Ərdoğan Prezident postuna keçməklə və Əhməd Davudoğlunu Baş nazir və AKP lederi təyin etməklə də ciddi siyasi yanlışlıqa yol verdi. Çünki, ən azından Ə.Davudoğlu, ən yaxşı halda R.Ərdoğanın siyasi xarizmasının, yəni “geydiyi ayaqqabının digər tayı” ola bilməzdi və olmadı da. Saatlarla kütlə qarşısında əsl ideoloq kimi çıxış edən və kütlənin beyninə nüfuz edən R.Ərdoğandan fərqli olaraq, yumşaq təbiətli və nitq qabiliyyəti, siyasi xarizması R.Ərdoğandan çox-çox geridə qalan hazırkı Baş nazir, AKP-nin siyasi yükünü daşıyacaq adam deyil. O, özündən əvvəlki partiya lideri kimi, kütlə ilə “işləməyi” bacaran, insanların “beyin damarına işləyən” cümlələr qurmaqda və kütləni ələ almaqda mahir olan birisi deyil. Bu isə, heç şübhəsiz ki, AKP-nin son seçkilərdə kütlə arasında anti-populyarlığına gətirib çıxardı. Nəticə isə ortadadır.
Parlament seçkilərinin nəticələri həm də ona görə R.Ərdoğan üçün qəfil zərbədir ki, o regiondakı geosiyasi gedişlərini və təkbaşına reallaşdırmaq istədiyi planlarını, artıq ən azından təxirə salmalı olacaq. Bundan başqa, xarici siyasətlə bağlı iddialarını və istəklərini rahatlıqla parlamentdən keçirə bilməyəcək. Bu fakt, həm də hazırkı Türkiyə prezidenti üçün siyasi intahara bərabər məsələdir. Çünki R.Ərdoğan kimi iddialı siyasətçi üçün, müxalifətlə parlamentdə siyasi “əlbəyaxa” olmaq, həddən artıq başağrısı olan siyasi etaplar keçmək olduqca çətin və yorucudur. Həm də nəzərə alsaq ki, PKK-nın siyasi qanadı olan HDP də parlamentdə kifayət qədər səs sahibidir, bu o deməkdir ki, R.Ərdoğan üçün yeni və mürəkkəb siyasi dövr başlayır. Həm də Türkiyə üçün əsl sınaq başlayır. Çünki, koalisiyon hökümət formalaşdırılması, bir-birinə qarşı barışmaz mövqelərdə olan dörd siyasi partiyanın arasında vahid razılıq əldə olunması olduqca çətin məsələdir. Bu, siyasi xaosa və ölkə iqtisadiyyatının məhvinə də gətirib çıxara bilər. R.Ərdoğanın siyasi lider kimi bu mürəkkəb siyasi səhnədə hansı addımlar atacağı isə zamanın işidir.
Mətləb Salahov