Əli Həsənov: “Bu kampaniyada iştirak edən adamlar öz səhvlərini başa düşəcəklər”

“Avropa Oyunların qısa müddətdə yüksək səviyyədə təşkili bəzi dairələr üçün həddən artıq cəlbedici görünür. Buna görə də bu uğuru qaralamaq, Azərbaycan kimi gənc dövlətin belə uğurlarını gözdən salmaq istəyirlər”.
Bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.
Ə.Həsənov bildirib ki, Bakıdan və Prezident Administrasiyasından təhlil edəndə Azərbaycana qarşı kampaniyalar özbaşına formalaşan və davam edən aksiyaya oxşamır: “Bizə görünən odur ki, bunların arxasında dayanan müəyyən qüvvələr bütün bu kampaniyanı edir, istiqamətləndirir. Nəyə görə? Bunu biz də bir müddətdir ki, bunu müəyyən eləməyə çalışırıq. Fikir ondan ibarətdir ki, Avropa Oyunların qısa müddətdə yüksək səviyyədə təşkili bəzi dairələr üçün həddən artıq cəlbedici görünür. Buna görə də bu uğuru qaralamaq, Azərbaycan kimi gənc dövlətin belə uğurlarını gözdən salmaq istəyirlər. Buna baxmayaraq, bütün dünyada Azərbaycanın dostları müqavimət göstərir ki, bu kampaniya effektiv nəticəyə gəlib çıxmasın”.
Prezidentin köməkçisinin sözlərinə görə, bu kampaniyaların arxasında erməni lobbisinə bağlı olan və onun təsiri altında fəaliyyət göstərən qurumlar, şəxslər, siyasətçilər dayanır və aktiv təbliğat aparır: “Bir az bundan qabaq “Avroviziya” ərəfəsində də eyni ssenari üzrə Azərbaycanın üzərinə gəlirdilər. İndi də bunu edirlər, sabah da bunu edəcəklər. Azərbaycanın müstəqilliyini qəbul etməyən bəzi qüvvələr ölkəni davamlı olaraq təzyiq altında saxlamaq, bizi öz təsirlərinə almaq istəyirlər. Çox təəssüf edirik ki, bəzi mətbuat orqanları da bu kampaniyaya qoşulub. Hansı ki, biz o platformalardan Azərbaycan haqda doğru xəbərləri oxumaq istəyirik. “BBC”, “Guardian” kimi, Fransanın və Almaniyanın ölkə vətəndaşlarının vergiləri ilə formalaşan media qurumları da bu kampaniyalara qoşulublar. Məqsəd isə odur ki, , Azərbaycanın Avropa Oyunlarını təşkil edə bilmədiyi, bunu bacarmadığı barədə fikir formalaşdırsınlar. Bu, təkcə Azərbaycana yox, bütün Avropaya qarşı aparılan kampaniyadır. Bütün bunları bir müddət sonra dayanacaq və bu kampaniyada iştirak edən adamlar öz səhvlərini başa düşəcəklər. Biz bütün bunları təhlil edirik və səbəblərini görürük. Tərəqqipərvər cəmiyyət bütün bunların doğru və ya yanlış olduğunu özü qiymətləndirəcək”.