PRESS NEWS AZERBAIJAN

Efiopiyalı jurnalistlər “Kaspi”də

12.06.2015

 

“Şəhərinizin gözəlliyinə, insanların qonaqpərvərliyinə, üzlərindəki təbəssümə heyran olmuşuq. Şəhəriniz çox gözəldir. Oyunlara hazırlıq yüksək səviyyədə təşkil olunub». «Kaspi» qəzetinin redaksiyasında qonaq olan Efiopiyanın Dövlət Televiziyasının nümayəndələrinin dilindən səslənən bu fikirlər ölkələrimizin media qurumları arasında tərəfdaşlığa ehtiyacın olması ilə bağlı nüansları da ortaya çıxardı. 

«Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva görüşdən məmnunluğunu ifadə edərək Efiopiyanın öz müstəqilliyini daim qoruyub saxlayan dövlət kimi Afrika dövlətləri arasında nüfuza malik olduğunu qeyd etdi: «Efiopiya Afrikada öz müstəqilliyini qoruyub saxlayan əzmkar bir dövlət kimi tanınır. Bu mənada bizim də bu dövlətə hörmətimiz yüksəkdir. İnanıram ki, bu jurnalist qrupu öz ölkələrinə qayıdanda 23 il ərzində – Azərbaycanın müstəqilliyi dövründə əldə etdiyi nailiyyətləri öz media orqanlarında obyektiv işıqlandıracaqlar. Bizim xalqımız haqqında, həmçinin Azərbaycanın işğala məruz qalması barədə həqiqətləri Afrika qitəsində səsləndirəcəklər. Yəqin ki, siz bizim tolerant, dostluğa yüksək qiymət verən bir millət olduğunu gördünüz və qonaqpərvərliyimizin şahidi oldunuz. İnanırıq ki, siz bütün həqiqətləri olduğu kimi çatdıracaqsınız». S.Vəliyeva Azərbaycanda 80-dən çox etnik qrupun dinc-yanaşı yaşadığını qeyd edərək, bu baxımdan ölkəmizin dünyada yeganə dövlət olduğunu qeyd etdi: «Azərbaycan yeganə dövlətdir ki, bu qədər etnik qruplar yanaşı yaşayır və aralarında heç bir insident baş vermir. Bu mənada Azərbaycan tolerant bir ölkədir». 

S.Vəliyeva rəhbərlik etdiyi qəzetin tarixi haqqında məlumat verərək «Üç əsrin qəzeti»nin vaxtilə Azərbaycan millətinin inkişafında, müstəqillik qazanmasında beyin mərkəzi rolu oynadığını diqqətə çatdırdı. Belə ki, 1881-ci ildə işıq üzü görən bu qəzet 1918-ci ilə - Azərbaycanda Xalq Cümhuriyyəti qurulana qədər olan bir dövrdə həm milli şüurun oyanmasında, həm də milli azadlıq hərəkatının hazırlanmasında böyük rol oynadı: “Əsrin əvvəllərində bu qəzetdə yazısı dərc olunmuş bütün ziyalıların hamısı xaricdə təhsil alıb gələn Azərbaycan gəncləri idilər. Sonradan onlar Cümhuriyyətin qurulmasında böyük rol oynadılar. Dünyada məşhur olan Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev 1895-ci ildə qəzeti alaraq Cümhuriyyət qurulanda parlament sədri olmuş Əlimərdan bəy Topçubaşova həvalə etdi. Topçubaşov bu qəzetin ilk azərbaycanlı redaktoru oldu. 1918-ci ilə qədər insanların azadlıq mübarizəsinin başlanmasında Topçubaşovun ətrafındakı Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ictimai fikir sahibləri özlərinin azad istiqlal düşüncəsi ilə hərəkata təkan verdilər”. 

Təsisçi 1918-ci ilin mart soyqırımında “Kaspi” qəzetinin mətbəəsi ilə birlikdə terrora məruz qaldığını da qeyd etdi: “Ermənilər mətbəənin binasını yandırdılar. Bu, tarixdə ilk mətbəə və qəzetdir ki, terrora məruz qalıb. Bu fakt ermənilərin terrora nə qədər meyilli olmalarının bariz nümunəsidir”. S.Vəliyeva “İşərişəhər” metro stansiyası yaxınlığındakı yandırılan tarixi binanın yerində xatirə lövhəsinin vurulması ilə bağlı əlaqədar müvafiq qurumlara müraciət edəcəklərini də bildirdi. Təsisçi həmçinin Həsən bəy Zərdabinin əsasını qoyduğu «Əkinçi” qəzetindən və milli mətbuatımızın tarixindən də bəhs etdi: “Biz sələflərimizin bizə yadigar qoyduqları ənənələri yaşatmaqla müasir dünyanın tələb etdiyi standartlar çərçivəsində çalışırıq”.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Jurnalist Assosiasiyasının prezidenti Fazil Abbasov qurumun fəaliyyəti çərçivəsində Efiopiya jurnalistləri ilə sıx əlaqələrin qurulmasının vacib amillərdən olduğunu qeyd etdi: «Bizim kökümüz türk olsa da, müsəlmanıq. Vaxtilə Həbəşistan kralının Məhəmməd Peyğəmbərin silahdaşlarını dəstəkləməsi müsəlmanlar tərəfindən yaxşı qiymətləndirilir. Biz gələcəkdə əlaqələrimizi möhkəmləndirmək üçün yollar arayacağıq». 

«Azadinform» informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev bu yaxınlarda Azərbaycanda keçirilən Beynəlxalq Mədəniyyətlərarası Forum haqqında məlumat verərək ölkəmizdə prezident İlham Əliyev tərəfindən multkulturalizmin həyat devizi elan olunduğunu qeyd etdi: «Bizim ölkəmizdə müxtəlif etnik xalqların birgə yaşamasına görə ölkə başçısı multkulturalizmi həyat devizi elan edib”. 

EBC-nin jurnalisti Yodit Admasu Azərbaycanın media sahəsində böyük təcrübəsinin olduğunu qeyd edərək, bu sahədə ölkələrimiz arasında əməkdaşlıq olmasına ehtiyac olduğunu bildirdi: «3 ay bundan əvvəl Efiopiyada Azərbaycan səfirliyi açılıb. Bu, dövlətlərimiz arasında yaxşı münasibətlərin olmasının göstəricisidir”. 
Efiopiya Radio Yayımları Şirkətinin idman jurnalisti Yonas Teşome ölkələrində 10-dan çox etnik azlığın dinc şəraitdə yaşadığını qeyd etdi. Azərbaycanda olduqlarından məmnunluqlarını ifadə edən jurnalist ölkəmiz haqqında müəyyən məlumatlara malik olduqlarını da diqqətə çatdırdı: «Bura gələnə qədər Azərbaycan haqqında BBC və CNN-in reklamlarından və “Atletiko” Madrid futbol klubu oyunçularının maykasındakı «Odlar Yurdu» (Land of fire) sözlərindən məlumatlıyam. Ancaq indi hər şeyi gözümüzlə görürük və heyran qalmışıq”. 

Jurnalist çalışdığı radioda təkcə idman sahəsi ilə bağlı reportajları aparmadığını, həmçinin sosial, iqtisadiyyat və s. sahələrlə bağlı proqramlar hazırladıqlarını da qeyd etdi. 
«Kaspi» qəzetinin baş redaktoru İlham Quliyev və «Kaspiy» qəzetinin baş redaktoru İlqar Hüseynov hər iki mətbu orqanın keçmiş ənənələri davam etdirdiyini, cəmiyyətin müxtəlif sahələrini əhatə edən əlavələrlə çıxdığını və ölkə media orqanları içərisində mühüm rol oynadığını qeyd etdilər. 

Qonaqlar Efiopiyada fəaliyyət göstərən media orqanları haqqında da ətraflı məlumat verdilər. Jurnalistlərə «Kaspi»nin nəşr etdirdiyi kitablar hədiyyə olundu. 

 

 

 


 

Please reload

ƏN ÇOX OXUNANLAR