Londondakı Vindzor qəsrində dünyanın ən qədim, Britaniyanın isə ən nüfuzlu ordenlərindən sayılan "Corabbağı Ordeni"nin ("The Most Noble Order of the Garter") cəngavərlərinin ənənəvi paradı olub. Britaniya kraliçası 2-ci Yelizaveta, Ordenin kiçik üzvləri olan kral ailəsi üzvləri, habelə kraliçanın Orden Nizamnaməsinə uyğun olaraq, şəxsən seçdiyi 24 cəngavər qəsrin ərazisindən keçərək Müqəddəs Georgi Kilsəsinə yollanıblar. Burada dünyasını dəyişən Orden üzvlərinin əvəzinə yeniləri seçilir, onlara ulduz və corabbağı verilir. Corabbağı Ordeni tünd göy rəngli, kənarları qızılla tikilən və üzərində "Bu barədə pis düşünən utansın" (Honi soit qui mal y pense) yazılmış məxmər lentdən ibarətdir. Ordenin əsası 1348-ci ildə qoyulub. Uels şahzadəsi Çarlz kraliçanın böyük oğlu olduğu üçün Corabbağı Ordeninin anadangəlmə üzvüdür. 2-ci Yelizavetanın digər 3 övladı isə Ordenin kiçik üzvlüyünə qəbul olunublar.